““Mozart” limana daxil olan kimi azərbaycanlının cənazəsi Vətəninə göndəriləcək”

““Mozart” limana daxil olan kimi azərbaycanlının cənazəsi Vətəninə göndəriləcək”
Oxunma sayı: 1706

Rəsmi Ankara “Mozart” konteyner gəmisinin heyətinin üzvü olan Türkiyə vətəndaşlarının quldurların əsirliyindən azad edilməsi üçün bir sıra ölkələrlə bütün lazımi danışıqlar aparır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalının efirində bildirib.

Nazir qeyd edib ki, Nigeriyada hücuma məruz qalmış gəmi hazırda Qabonun ərazi sularında yerləşir.

Çavuşoğlu xatırladıb ki, “Mozart” xarici gəmi sahibinə məxsusdur, lakin onun ekipajı Türkiyə şirkəti tərəfindən verilib.

“Yəni gəmi Türkiyə şirkətinə məxsus deyil. Ekipaj üzvlərinin 19-u etnik türklər, biri Azərbaycan vətəndaşıdır. Sonuncu təəssüf ki, həlak olub”, - nazir deyib.

Çavuşoğlu bildirib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla sözügedən insidenti müzakirə edib.

“Ölənin meyiti Türkiyə vasitəsilə Azərbaycana gətiriləcək. Hər iki ölkənin XİN və konsulluq şöbələri məsələ üzərində işləyirlər”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, “Mozart” gəmisi Qabon limanına daxil olan kimi azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsinin Vətəninə göndərilməsi istiqamətində tədbirlər görüləcək.

Qeyd edək ki, dəniz quldurları 19 ekipaj üzvündən 15-ni girov götürüb. Qarşıdurmada 1 azərbaycanlı həlak olub. Hazırda gəmidə üç ekipaj üzvü var.