“Minsk Qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur”

“Minsk Qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur”
Oxunma sayı: 1205

“1992-ci ildə ATƏT Belarusun paytaxtı Minsk şəhərində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı 11 ölkədən ibarət sülh konfransı keçirmək üçün qrup yaratdı. Həmin qrup sonradan Minsk Qrupu adlandırıldı. 1997-ci ildə Minsk Qrupuna 3 ölkə həmsədrlik etdi. Ancaq hazırda ATƏT- in Minsk Qrupu formal olaraq mövcuddur və onun fəaliyyətsizliyi nəticəsində nələrin baş verdiyini bilirik”. 

Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Aydın Mirzəzadə son günlər ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yenidən bərpa edilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Minsk Qrupunun həmsədrliyi ilə regiona vaxtaşırı səfərləri baş tutub: “Azərbaycan və Ermənistan liderlərinin görüşü təşkil edildi. Eyni zamanda, vaxtaşırı özlərinin məqbul bildiyi variantlar işlənildi. Ancaq bunların heç biri problemin həllinə gətirib çıxarmadı. Azərbaycan özü beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirərək 44 günlük hərbi əməliyyatlar nəticəsində öz ərazi bütövlüyünü təmin etdi.

Bu gün ATƏT-in Minsk Qrupunun fəaliyyətinə problemin həlli üçün artıq ehtiyac yoxdur. Onun yenidən bərpası ancaq Ermənistan tərəfinin istəyidir. Onlar keçmişdə qalan Dağlıq Qarabağ probleminin mövcudluğunu yada salmaq Azərbaycanın ərazisində ancaq ermənilərdən ibarət ərazi yaratmaq istəyindədirlər. Amma bunlar baş verən deyil. Azərbaycan öz ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa edib. Ermənilərə də bütün vətəndaşlar kimi bərabər hüquqlar tanıyır”.

Onun sözlərinə görə, Minsk qrupu fəaliyyət göstərmək istəyirsə, ancaq postmünaqişə dövrünə dair təkliflər verə bilər: “Bu sahədə onlar öz təşəbbüsünü göstərə bilər. Azərbaycan Ermənistanla mehriban qonşu olmaq üçün vaxtaşırı təkliflərini verir. Ancaq hələ də Ermənistandan cavab yoxdur. Əgər ATƏT-in Minsk Qrupu Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına dair öz vasitəçiliyini yerinə yetirərsə, regionda birdəfəlik sülhün təmin edilməsi üçün Ermənistanı revanşizm niyyətlərindən əl çəkdirərsə, onda fəaliyyət göstərə bilər. 27 sentyabr 2020-ci ildən əvvəlki tarixə qayıdış üçün ATƏT-in Minsk Qrupunun yenidən dirçəlməsinə Azərbaycan heç bir zaman icazə verməyəcək. Bu qrupun özünün buraxılması üçün isə ATƏT qərar verməlidir. Çünki bu məsələ özlərinin ixtiyarında deyil”.

Günel Türksoy