“Milliyətcə erməni olsam da, Ermənistan heç vaxt məni cəlb etməyib” - Video

“Milliyətcə erməni olsam da, Ermənistan heç vaxt məni cəlb etməyib”
Oxunma sayı: 2951

“Azərbaycanla bağlı yaxşı şeylər xatırlayıram. Bu ölkə ilə bağlı pis heç nə deyə bilmərəm. Hələ də Bakıya səfər etmək istəyirəm. Bakı çox gözəl beynəlmiləl şəhərdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu 17 il Bakıda yaşamış erməni əsilli Dmitri Moisyan “CBC” telekanalının efirində deyib.

Onun sözlərinə görə, Bakıda qonşuları ilə çox mehriban mühitdə yaşayıb və milli zəmində heç vaxt heç bir problem yaranmayıb.

Moisyan Bakıdan hansı səbəblərdən getdiyinə də aydınlıq gətirib. O, 1989-cu ildə Simferopol Ali Hərbi Peşə məktəbinə daxil olduğu üçün Bakıdan gedib. Bir müddət sonra Bakıya məzuniyyətə qayıtmaq istəyən Moisyan anasına məktub yazaraq bu barədə məlumat verib. Anası isə ona cavab olaraq bildirib ki, artıq Bakıdan gedirlər. O bildirib ki, bu hadisələr 1991-ci ildə baş verib. Moisyan deyib ki, həmin vaxtdan bu yana artıq heç vaxt Bakıda olmayıb.

“Mən Bakıda doğulmuşam, burada yaşamışam. Milliyətcə erməni olsam da, Ermənistan heç vaxt məni cəlb etməyib”, - deyə Moisyan söyləyib.

Bu yaxınlarda 50 yaşı olacaq Moisyan bildirib ki, Rusiyada xidməti başa vurduqdan sonra İsrailə köçüb. Onun valideynləri isə Bakıdan birbaşa Rusiyaya köçüb. O əlavə edib ki, heç vaxt Ermənistana kömək barədə fikri olmayıb.

“Mənim ürəyim hələ də Bakıdadır. Bura mənim vətənimdir. Ermənistanla məni heç nə və heç kim bağlamır. Həyat yoldaşım da azərbaycanlıdır. Mən Bakıda doğulmuşam. Doğulandan bilirəm ki, işğaldan azad olunan torpaqlar Azərbaycan ərazisidir”, - deyə Moisyan əlavə edib.