Milli Qurama Festivalı çərçivəsində Şamaxıda tədbir keçirilib - Fotolar

Milli Qurama Festivalı çərçivəsində Şamaxıda tədbir keçirilib
Oxunma sayı: 891

2020-ci ildən başlayaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Azərbaycanın qədim tarixi köklərə və ənənələrə bağlı sənətkarlıq növlərindən olan “Qurama” sənətinin yenidən bərpa olunmasına start verilib.

“Qafqazinfo” xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd XX əsrin əvvəllərinə qədər geniş istifadə olunan, lakin keçən zaman ərzində bəzi ənənəvi sənət növləri kimi unudulmaq təhlükəsi yaşayan “Qurama” sənətinə yeni həyatın verilməsidir.

Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Təhsil və Elm Nazirliyinin təşkilatçılığı ilə Milli Qurama Festivalına start verilib.

Festival çərçivəsində avqustun 19-u Azərbaycanımızın qədim sənətkarlıq şəhərlərindən olan Şamaxıda rayon icra hakimiyyətinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova tədbir iştirakçılarını salamlayaraq qədim sənət növü olan quramanın yaşadılmasında və gələcək nəsillərə ötürülməsində bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sonra tədbir iştirakçıları “Qurama” sənətinə həsr olunmuş sərgiyə baxış keçirib, tədbir çərçivəsində təşkil olunmuş usta dərslərində iştirak ediblər.