Mərhum qazinin ailəsi 9 ildir sığorta pulu ala bilmir - Rəsmi açıqlama

Mərhum qazinin ailəsi 9 ildir sığorta pulu ala bilmir
Oxunma sayı: 837

Həyat yoldaşım Pirişov Əbil Qurbanəli oğlu I Qarabağ müharibəsi qazisi idi. Müharibədən sonra qaraciyərinin üçdə bir hissəsini kəsib götürmüşdülər, I qrup əlil idi. 2013-cü ildə qaraciyər sirrozundan vəfat edib, lakin hələ də sığorta pulu ala bilməmişəm”.

Bu barədə “Qafqazinfo”ya mərhum döyüşçünün həyat yoldaşı Fəxrəndə Pirişova bildirib. Onun sözlərinə görə, Əbil Pirişova hərbi xidmət zamanı əlil olduğuna görə verilməli olan sığorta ödənişi ilə bağlı məhkəməyə də müraciət edib: “Nəsimi Rayon Məhkəməsi ötən il avqustun 2-də sığorta pulunun ödənilməsi ilə bağlı qətnamə çıxarıb. Prezidentin 23 dekabr 2021-ci il tarixli fərmanında qeyd edilir ki, Ədliyyə Nazirliyi qətnaməsi olanların siyahısını bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Lakin qətnamə hələ də icra olunmur. ƏƏSMN ilə dəfələrlə əlaqə saxlamışıq, bildiriblər ki, hələ mexanizim hazır deyil”.

Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondundan sorğumuza cavab olaraq bildirildi ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün hazırlıq işləri artıq yekunlaşır. Birdəfəlik ödəmənin verilməsi ilə bağlı təqdim edilmiş təkliflər əsasında müvafiq qayda təsdiq edildikdən sonra ödənişlərə başlanacaq: “1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdən hansı şəxslər ki, vəfat edib, həmin şəxslərin ailə üzvlərinə bu ödənişlər ediləcək. I Qarabağ müharibəsində yaralanaraq birinci dərəcə əlilliyi olmuş, 2013-cü ildə vəfat etmiş Pirişov Əbil Qurbanəli oğlunun da ailəsi bu ödənişi alacaq”.

Qeyd edək ki, ödənişin məbləği I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manatdır.

Gülnar Əliyeva