Mərhum Qarabağ əlilinin xanımı iki qurum arasında qalıb - Kim ödəməlidir?

Mərhum Qarabağ əlilinin xanımı iki qurum arasında qalıb
Oxunma sayı: 2490

Qarabağ əlili, mərhum Ağayev Bəxtiyar Hacıverdi oğluna hərbi xidmət zamanı əlil olduğuna görə verilməli olan sığorta ödənişini ailəsi ala bilmir.

“Qafqazinfo”ya müraciət edən B. Ağayevin həyat yoldaşı Nailə Ağayeva deyir ki, onlara sığorta ödənişinin veriləcəyi deyilsə də, məsələ həllini tapmır: “Həyat yoldaşım 1994-cü ildə yaralanıb. Ağciyərində güllə yarası olduğundan nəfəs ala bilmirdi, bronxlarda şiş əmələ gəlmişdi. Ciyərin sağ tərəfi çürümüşdü. Uzun illər elə öz pulu ilə müalicə olundu. İkinci qrup əlil idi və 360 manat təqaüd alırdı. 2020-ci ildə vəfat etdi. Dövlət tərəfindən Ramanada bizə ev də verilmişdi. 5 uşağım olduğundan hərəsinə görə 80 manat pul da alıram. Amma bu pulla dolana bilmirik. İndi istəyirəm ki, mərhum həyat yoldaşıma verilməli olan 6600 manatı ödəsinlər”.

41 yaşlı Nailə Ağayeva deyir ki, həyat yoldaşının ölümündən sonra 5 övladına təkbaşına baxmalı olub: “Böyük oğlum hazırda əsgərlikdədir. Evimizin ən balacasının isə iki yaşı olacaq. Mənə demişdilər ki, həyat yoldaşın vəfat etsə belə, sən sığorta ödənişini ala bilərsən. Mən də ötən ilin avqustunda vəkil tutaraq məhkəməyə müraciət etdim və Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia qaldırıb öz pulumu tələb etdim. Dedilər veriləcək. Amma bu günə kimi hələ də verilməyib. Nəsimi  Rayon Məhkəməsi 30 Avqust 2021-ci il tarixli qətnamə ilə sığorta pulunun ödənilməsini qərara aldı. Təəssüf ki, qətnamə hələ də icra olunmur. Azərbaycan Prezidentinin 23 dekabr 2021-ci il tarixli fərmanında qeyd edilir ki, Ədliyyə Nazirliyi qətnaməsi olanların siyahısını bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Dəfələrlə nazirliklə əlaqə saxlasam da, mənə bildirilər ki, hələ mexanizim hazır deyil. Prezident Fərman da imzalayıb, 50 milyon pul da ayırıb. Nazirlik hələ də dövlətin adından çıxarılan qətnaməyə görə ödənilməli pulun mexanizimini axtarır”. 

Məsələ ilə bağlı "Azərsığorta" Dövlət Sığorta şirkətinə ünvanladığımız sorğuya mətbuat katibi Elnur Hüseynquluyev cavab olaraq bildirib ki, birdəfəlik ödəmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək: “Bildirmək istəyirik ki, qeyd etdiyiniz məsələ ilə bağlı cənab Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli müvafiq Fərmanı var. 

Həmin Fərman, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsini nəzərdə tutur. 
Yəni, birdəfəlik ödəmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək”. 

Şikayətlə bağlı “Qafqazinfo”nun sorğusunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili cavablandırıb. 

"Prezident İlham Əliyevin ötən ilin dekabr ayında imzaladığı Fərmanın icrası olaraq yaxın günlərdə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, onlardan vəfat etmiş şəxslərin ailə üzvləri  birdəfəlik ödəmə ilə təmin olunacaq", - o bildirib.

 

Lamiyə Məmmədova