“Məhdudlaşdırıcı tədbirlər ilk növbədə vətəndaşın təhlükəsizliyinin təminatına yönəlib”

“Məhdudlaşdırıcı tədbirlər ilk növbədə vətəndaşın təhlükəsizliyinin təminatına yönəlib”
Oxunma sayı: 2853

COVID 19 pandemiyası ilə mübarizə hələ uzun müddət davam edəcək. Çünki Ümumdünya Səhiyyə Təşkilatının da bəyan etdiyi kimi, vaksin tapılmayana qədər virusla birgə yaşamağa vərdiş etməliyik. İnfeksiyanın yayılma dinamikasından asılı olaraq, dünya dövlətlərində karantin qaydalarında mərhələli şəkildə müəyyən yumşalmalar da tətbiq olunur. Azərbaycanda da artıq bir neçə dəfə məhz sanitar-epidemioloji vəziyyətdən asılı olaraq, yumşalmalar tətbiq olunub.

Məlumdur ki, hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində bu vaxta qədər vəziyyəti nəzarətdə saxlamaq mümkün olub. Elə karantin rejimindən mərhələli çıxmaq planı da dövlətin həyata keçirdiyi preventiv tədbirlərin uğurlu nəticələri sayəsində mümkün olub. Lakin son yumşalma tədbirlərindən sonra  təəssüflər olsun ki, xəstəliyin dinamikasında artım müşahidə olunmaqdadır. Bu isə haqlı olaraq qısamüddətli məhdudlaşdırma qaydalarının tətbiqini zəruri edir. Çünki bu məhdudlaşdırıcı tədbirlər ilk növbədə vətəndaşın sağlamlığına, onun təhlükəsizliyinin təminatına yönəlib. Qapanmanın yalnız həftə sonu - 2 günü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının, həmçinin tibbi spirt və maska ehtiyatımızın olması bir daha göstərir ki, narahatlıq üçün heç bir əsas yoxdur. Sadəcə, indiki vəziyyətdə hər bir vətəndaş sosial izolyasiya qaydalarına əməl etməli, qoruyucu vasitələrdən vaxtında və düzgün istifadə etməlidir. Cənab Prezidentin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır.

Artıq tibb mütəxəssisləri də bəyan edib ki, qısamüddətli qapanmanın nəticəsini biz yalnız 7-14 gün ərzində görə biləcəyik. Bu, o deməkdir ki, ölkəmizdə virusun yaratdığı təhlükəli vəziyyət vətəndaşların məsuliyyətindən asılı olaraq dəyişəcək. Vəziyyətin mənfi və ya müsbət istiqamətə dəyişməsi isə bizdən asılıdır. Biz qaydalara düzgün riayət etməklə, məsələyə ciddi yanaşmaqla qısa müddətdə virusun yaratdığı bütün mümkün təhlükələrin qarşısını ala bilərik.

Könül Nurullayeva, Milli Məclisin deputatı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi