“Ləkə və qırışlardan tez xilas olmağın ən effektiv yolu...” - Dr. Günay Rauf

“Ləkə və qırışlardan tez xilas olmağın ən effektiv yolu...”
Oxunma sayı: 4664

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı “Çöhrə” Estetik Klinikasının rəhbəri, həkim-dermatoloq, kosmetoloq Günay Raufdur. Müsahibimiz yay fəslində ləkə və qırış əleyhinə müalicələr haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış   

Peşəkar kosmetoloq Günay Rauf 1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirib. 2007-ci ildən həkim-dermatoloq, kosmetoloq kimi fəaliyyət göstərir. Fransa, İsveç, Monako, İtaliya, Sloveniya, İspaniya, Latviya da daxil olmaqla dünyanın 15-dən çox ölkəsində keçirilmiş təlimlər və beynəlxalq konfranslarda iştirak edib. 2018-2019-cu illərdə Türkiyə Respublikasının İzmir şəhərində yerləşən “Barış” Klinikasında iki il həkim-dermatoloq kimi çalışıb. 2019-cu ildən qurucusu olduğu “Çöhrə” Estetik Klinikasına rəhbərlik edir. Bu klinikada səpgilər, yanıq və çapıq izləri, ləkələr və mimiki qırışların aradan qaldırılması, dərinin cavanlaşdırılması kimi dəri ilə bağlı bütün problemlər müasir kosmetologiya əsasında peşəkarlıqla icra edilir.

- Yay fəslində dərimizdə nə kimi dəyişikliklər baş verir? Daha çox günəş şüasına məruz qalmağımız hansı problemləri yarada bilər?

- Dərimizin üç mehriban düşməni var: günəş şüaları, havadakı oksigen və Yer kürəsinin cazibə qüvvəsi. Yəni günəş dərimizə zərər verən, qocalmasına səbəb olan əsas faktorlardan biridir. Biz də elə bir iqlimdə yaşayırıq ki, ilin əksər günləri günəşli keçir. Bu səbəbdən də dərimiz ilboyu günəş şüalarına məruz qalır və nəticədə dərimizdə ləkələr yaranır, fotoqocalma baş verir. Odur ki, günəşli günlərdə SPF qoruyucu kremlərindən istifadə etmək zəruridir.

- Açıq havada belə birbaşa günəş şüalarına məruz qalmasaq da...

- Bəli. Qapalı məkanlarda, məsələn, evdə qalmaq dərimizi günəş şüalarından qorumur. Çünki günəşin UVA şüa spektri hətta pəncərə şüsəsindən də keçib, evin içində belə dəriyə təsir edə bilir. Ona görə də yay aylarında daha çox ev şəraitində qaldığı halda üzünə ləkə düşən pasiyentlərimiz var.

- Hazırda ləkə əleyhinə hansı kosmetoloji prosedurları icra edirsiniz?

- “Çöhrə” Estetik Klinikasında ləkə əleyhinə müxtəlif və ən müasir kosmetoloji  prosedurları icra edirik. Hətta klinikamızda tətbiq olunan bütün prosedurlar Azərbaycan Tibb Universitetini bitirmiş həkimlər tərəfindən və dermatologiya üzrə beynəlxalq protokollara uyğun olaraq həyata keçirilir. Ləkə əleyhinə ən effektiv vasitə “Q-switched Nd:YAG laser” üsuludur. Bu cihazın köməyi ilə dəridəki ləkələrin rəngi xeyli açılır, hətta görünməyəcək qədər azalır. Ən üstün tərəfi isə dəridə heç bir yaraya, fəsada səbəb olmur. Həmçinin traneksam turşusu ilə mezoterapiya, çapıqdan sonra qalan ləkədirsə, fraksional lazer də istifadə edirik. Amma fraksional lazeri yay aylarında tətbiq etmək doğru deyil. Odur ki, bu mövsümdə ləkə əleyhinə faydalandığımız əsas vasitələr “Q-switched Nd:YAG laser” və mezoterapiyadır.

- Bəs nə qədər müddətə nəticə almaq mümkündür? Adətən, pasiyentlər nəticə üçün tələsirlər...

- Yaralı yerimizə toxundunuz. Pasiyentlər hesab edirlər ki, bu gün prosedur icra edildisə, dərhal nəticəsi olmalıdır. Ancaq belə deyil. Nəticə ləkənin yaranma səbəbi və müddətindən asılıdır. Bəzi ləkələrin aradan qaldırılması üçün ayda bir seans bəs edir. Lakin daha dərin və uzun müddət əvvəl yaranmış ləkələr üçün bəzən 10-15 seansa ehtiyac olur.  

- Yəni həyata keçirdiyiniz prosedurlarla ləkələr xeyli azalır, hətta tamamilə itir. Bu uğurlu nəticəni necə əldə edirsiniz?

- Hər şey düzgün diaqnostika və müalicə metodundan, eləcə də pasiyentə fərdi yanaşmadan asılıdır. Dəri tipi, ləkənin ölçüsü, yerləşmə nayihəsi, yaranma müddəti, dərinliyi kimi məqamlar nəzərə alınarsa, düzgün müalicə metodları ilə uğurlu nəticə almaq mümkündür.

- Dəri tipi nəzərə alınmadan icra edilən prosedurlardan hansı fəsadlar yarana bilər?

- Bizim icra etdiyimiz bütün kosmetoloji prosedurlar tibbi əsaslıdır. Bu baxımdan, tibbi göstəriş və əks göstərişləri var. Məsələn, yağlı dəriyə quru dəri üçün nəzərdə tutulmuş proseduru tətbiq etsəniz, heç bir effekt ala bilməyəcəksiniz. Əksinə, ləkələr daha da artar, üzdə səpgilər, dəri toxumasının iltihabı kimi əlavə problemlər yaranar.

- Ləkə əleyhinə müalicə hansı amillərdən asılıdır?  

- Ləkənin dərinliyi, yaranma səbəbi və müddəti çox önəmlidir. “Çöhrə” Estetik Klinikasında bu amillərə əsasən düzgün müalicə taktikasını seçirik. Əks halda icra olunan prosedurlar effekt verməyəcək. Qeyri-peşəkar kosmetoloqların ən çox etdiyi  xəta da budur. Dəri və ləkəni diaqnostika etmədən müalicəyə başlayırlar. Bu da nəinki dəriyə fayda verir, əksinə, daha ciddi problemlərin yaranmasına səbəb olur.

- Bəs digər kosmetoloqların yol verdiyi xətalarla bağlı sizə müraciət edən pasiyentlər olur?

- Ümumiyyətlə, istənilən həkimin iş təcrübəsində ağırlaşma halları ola bilər. Mənə başqa kosmetoloqların yol verdiyi xətalarla bağlı müraciət edən pasiyentlər olur. Hazırda daha çox dolğunun düzgün vurulmaması nəticəsində yaranan fəsadlarla üzləşirik. Məsələn, işemiya, dodağın nekrozu, tindal effekti, yəni dolğunun səthi vurulması kimi hallarla qarşılaşıram. Eləcə də el arasında “botoks” kimi tanınan botulotoksinin səhv tətbiqi nəticəsində yaranan göz qapağının ptozu ilə də müraciət edən pasiyentlər olur. Hər kəsə maksimum dərəcədə kömək etməyə çalışırıq.

- Yayda fotoqocalma sürətləndiyindən dəridə qırışlar da artır?  

- Bəli. İstidə buxarlanma artır və dərimizin su balansı dəyişir. Quruyan dəri qırışmağa daha çox meyilli olur. Odur ki, əgər isti aylarda dərimizi qorumasaq, SPF-dən düzgün istifadə etməsək, fotoqocalma daha sürətlə baş verəcək. Düzgün istifadə deyəndə bəzən pasiyentlər  elə başa düşürlər ki, söhbət SPF kreminin bahalı olmasından gedir. Ancaq belə deyil. Sadəcə, düzgün istifadə qaydalarını nəzərdə tuturam. Bu kremlərin qoruyuculuq müddəti 2-3 saatdır.  Odur ki, günəş şualarına məruzqalma müddətindən asılı olmayaraq, hər 2-3 saatdan bir SPF kremi yenilənməlidir. 

- Bəs qırış əleyhinə hansı prosedurları icra edirsiniz?

- Mövsümdən asılı olaraq, müxtəlif növ prosedurlar var. “Çöhrə” Estetik Klinikasında “4D Lazer” cavanlaşma proseduru sayəsində dərini cavanlaşdıra, mimiki qırışları azalda, fotoqocalmanı ləngidə bilirik. Bu metodun üstün cəhəti odur ki, heç bir zərəri yoxdur və bütün fəsillərdə tətbiq etmək olar. Eləcə də “4D Lazer” cavanlaşma prosedurunun tərkib hissəsi olan Erbium və Neodim lazerlərindən fərqli məqsədlər üçün də ayrılıqla istifadə edilə bilər. Bu metodla da çox yaxşı nəticələr almaq mümkündür. Dəridə kollagen sintezini artırır, məsamələri, ləkələri aradan qaldırır və liftinq effekti yaradır. “Q-switched Nd:YAG laser” qırışlara qarşı da faydalıdır. Bu üsul vasitəsilə yüksək nəticələr ala bilirik. Yayda dəridə su balansı azaldığından biorevitalizasiya, yəni hialuron turşusu ilə inyeksiyanı da tövsiyə edirik. Bir molekul hialuron turşusu ətrafına min molekuldan çox su yığır. Bu da dərinin nəmlənməsinə səbəb olur. Yaxşı olardı ki, yaya qədəm qoyduğumuz bu günlərdə dəri tipindən asılı olmayaraq, hər kəs biorevitalizasiya etdirsin.

- Kosmetoloji prosedurların qalıcılıq müddəti nə qədərdir?

- Bu müalicə metodu preparatın növü kimi bir neçə faktordan asılıdır. Məsələn, botulotoksinin qalıcılıq müddəti yay aylarında nisbətən qısa olsa da, ümumilikdə 3-6 aya qədərdir. Lakin bəzi pasiyentlərdə bir ilədək effekti qalır. Qalıcılıq müddəti pasiyentin dəri tipinə, orqanizminə görə də dəyişir.  Hətta metabolizmdən də asılıdır. Kimdə metabolizm sürətlidirsə, kosmetoloji prosedurların qalıcılığı daha az olur. Eləcə də evdə dəriyə qulluq çox önəmlidir. Əgər pasiyent ev şəraitində də dərisinə qulluq edər,  həkimin tövsiyələrini dinləyərsə, nəticə daha uzun müddət qala bilər.

- Bəs kosmetoloqun həkim olması şərtdirmi? “Çöhrə” Estetik Klinkasında çalışan bütün kosmetoloqlar həkimdir?

- Əlbəttə! Kosmetologiya dermatologiya və fizioterapiyanın birləşdiyi sahədir. Ona görə də kosmetoloqların həkim olması şərtdir. 2019-cu ildə “Çöhrə” Estetik Klinikasını yaradanda qarşıma qoyduğum əsas hədəf yalnız həkim olan kosmetoloqlarla işləmək idi. Klinikamızda çalışan bütün kosmetoloqlar ixtisasca həkimdir. Tibb üzrə ali təhsil almamış heç bir kosmetoloq peşəkar sayıla bilməz. Odur ki, keyfiyyətli kosmetoloji prosedur arzu edən hər kəs yolunu “Çöhrə” Estetik Klinikasından sala bilər. Kosmetoloqlarımız dəri ilə bağlı bütün prosedurları dermatologiya üzrə beynəlxalq protokollara uyğun olaraq icra edirlər. Bu baxımdan, sağlam gözəllik axtaran hər kəs rahatlıqla bizə üz tuta bilər.

Qeyd: Dr. Günay Rauf müasir kosmetoloji prosedurları peşəkarlıqla icra edən mütəxəssis, həkim-dermatoloq, kosmetoloqdur. Maraqlananlar həkimlə (012) 598-20-82 şəhər, (070) 708-61-61 mobil nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin Çöhrə_Estetik_Klinika instaqram, eyniadlı feysbuk və  tiktok hesabları ilə dr. G.Raufa elekton müraciət etmək olar.