Küveyt Əmiri ölkə parlamentini buraxdı

Küveyt Əmiri ölkə parlamentini buraxdı
Oxunma sayı: 739

Küveytin dövlət telekanalında bu ölkənin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın adından çıxış edən vəliəhd şahzadə Şeyx Məşal əl-Əhməd əs-Sabah çərşənbə günü Küveyt parlamentinin buraxıldığını və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilər keçiriləcəyini bildirib.

"Qafqazinfo" KUNA agentliyinə istinadla xəbər verir ki, vəliəhd şahzadə Küveyt Milli Assambleyası ilə icra hakimiyyəti arasında fikir ayrılığının da aradan qaldırılmasını ölkənin inkişafı naminə mühüm amil adlandırıb. Bəzi məmurları da tənqid edən Şeyx Məşal qeyd edib ki, parlamentlə hökumət arasında nifaq Küveytdə milli həmrəyliyə zərər verir. O əlavə edib ki, Milli Assambleyanın buraxılması və seçkilərin təyin edilməsi ilə bağlı fərman hüquqi tənzimləmələr yekunlaşdıqdan sonra yaxın bir neçə ay ərzində veriləcək.

“Biz xalqın öz nümayəndələrini seçməsinə müdaxilə etməyəcək, növbəti Milli Assambleyanın işinə və ya onun spikeri, müxtəlif komitələrin seçilməsi ilə bağlı məsələlərə qarışmayacağıq. Bununla belə, vətəndaşları ölkənin mənafeyini məzhəb və tayfa mənsubiyyətindən üstün tutmağa çağırırıq”, - deyə vəliəhd şahzadə vurğulayıb.