Konqoda 800 məhbus həbsxanadan qaçdı - 2 polis, 1 üsyançı öldü

Konqoda 800 məhbus həbsxanadan qaçdı
Oxunma sayı: 815

Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətinin Butembo şəhərindəki həbsxanadan 800-dən çox məhbus qaçıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Butembodakı Kakvanqura həbsxanasına “Mai-Mai Kata Katanqa” üsyançı qruplaşması hücum edib.

Hücum zamanı üsyançılar 874 məhbusun saxlandığı həbsxananın gözətçi və kamera qapılarını sındıraraq 800-dən çox məhbusun qaçmasına kömək ediblər.

“Mai-Mai Kata Katanqa” üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 2 polis və 1 üsyançı həyatını itirib.

Təhlükəsizlik qüvvələri şəhərin şimal-şərqinə doğru qaçan məhbusların tutulması üçün əməliyyata başlayıb.

Qeyd edək ki, Gedeon Kyunqu Mutanqanın rəhbərlik etdiyi separatçı “Mai-Mai Kata Katanqa” qrupu ölkənin ən zəngin əyaləti olan Katanqanın müstəqilliyi uğrunda mübarizə aparır.