Kainat gözəli – qafqazlı qadın

Kainat gözəli – qafqazlı qadın
Oxunma sayı: 6035

Gərgin anlar yaşadığımız bu dönəmlərdə tarixi köklərimizi bilməyimizin nə qədər əhəmiyyətli olduğunun bir daha şahidi olduq. “Tarixə inanmayın, tarixi istədikləri kimi dəyişirlər” deyənlərə səslənirəm: tarixi nə qədər dəyişməyə çalışasalar da arxeoloji qazıntılar zamanı tapılmış artefaktlar həqiqi tarixin heç vaxt silinməyəcəyini göstərir. Bunun üçün sadəcə olaraq məlumatları etibarlı mənbələrdən oxumaq lazımdır. Bu gün “Kainat gözəli” adını qazanmış Xiaohe ərazisində tapılan qadın mumiyası barəsində  çox az məlumat var. Az danışılmağının əsas səbəbi yəqin ki, 3800 yaşı olan bu gözəlin Qafqaz kökənli olmasıdır.

Öncə bir az tarixə nəzər salaq. Ördek adlı yerli ovçu XX əsrin əvvəllərində Şimal-qərbi Çin ərazisində, Tarim Basin adlı qapalı hövzədən qərbə doğru gedən yolda, səhralıqda basdırılmış mumiyalarla dolu məzarlıq tapıb. Lakin buranın vahiməsindən qorxaraq bir daha ora geri dönməyib. İpək yolunun sirli tarixini araşdıran İsveç arxeoloqu Folke Berqmana bu yer haqqında ilk Ördek məlumat verdiyi üçün o, buranı “Ördek Nekropolu” adlandırmışdır. Lakin, Berqmandan öncə də arxeoloq Sven Gedin Avropanı bu mumiyalar barəsində məlumatlandırmışdı. Görünür məqalələrinin o qədər də ciddiyə alınmaması onun nasistyönümlü olması ilə bağlı idi.

Buradan tapılmış mumiyaları dövlət Urumçi ərazisindəki kiçik muzeydə sərgiləməyə qərar verir. Daha sonra 1987-ci ildə bu mumiyalar amerikalı arxeoloq Meyrin diqqətini çəkir. Alimlər bir neçə il Çin Respublikasından tədqiqat aparmağa icazə verilməsi üçün müraciətlər edirlər. Nəhayət uzun sürən danışıqlardan sonra DNK analizini götürməyə nail olurlar. Lakin 1998-ci ildən burada yeni tədqiqat aparılmasına qadağa qoyulur. Səbəb isə DNK analizlərinin cavabı ola bilər. Belə ki, nəticələr qədim sivilizasiyanın yaradıcısı olmaqları ilə öyünən çinlilərin bu ərazilərin onların tarixi məskəni olması fikrini alt-üst edir. Tapılan mumiyalar monqoloid irqinə aid deyil. Digər məqam isə həm onların yaşı çinlilərin burada məskən salmasından öncəki dönəmə aiddir, həm də bu tapıntı İpək yolunu sanıldığının əksinə olaraq şərqdən qərbə deyil, qərbdən şərqə gedənlərin saldığını aşkara çıxarır.  E.ə. II minilliyə aid 5 müxtəlif qatdan tapılan qəbirlər mumiyalarla yanaşı, əmək alətləri ilə də zəngindir ki, bu da dərindən araşdırılma aparılarsa, bu insanlar haqqında kifayət qədər məlumat əldə oluna biləcəyi ehtimalını irəli sürməyə ən böyük dəlildir.

Bu ərazinin sərt iqlimi qəbirlərdə əşyaları ilə birlikdə basdırılan mumiyaların günümüzədək gəlib çata bilməsinin başlıca səbəbidir.  Çox maraqlı məqam ondan ibarətdir ki, qəbirlər qayıq formasındadır. Alimlər mumiyalara ilk baxan zaman fiziki görünüşcə Avropoid irqinə aid olması ehtimalını irəli sürüblər. Bunu aparılan DNK analizləri də təsdiq edib. Lakin, hər kəsin marağına səbəb olan “Kainat gözəli”adını almış bu qadının Qazqaz genləri qafqazlıların şərqə hələ qədim zamanlardan köçünü sübut edir. Qafqazın qədim sakinlərinin Azərbaycan türkləri olduğunu nəzərə alsaq, demək ki, azərbaycanlıların hələ qədim zamanlardan şərqə köç etməsi fikri özünü doğruldur.

Bu qadının günümüzədək qalan dən-dən kirpikləri, uzun saçı, qafqazlılara xas iri almacıq sümükləri və burnu bizim genetikamızın tarix boyunca gözəl olduğunu sübut edir. Təxminən 3800 il keçməsinə baxmayaraq izləyicilərini öz gözəlliyi ilə heyran edən bu xanım, həmçinin DNK-sı ilə də tarixin başqa cür yazılmasının qarşısını alır, qafqazlı gəncləri yeni araşdırmalar aparmağa və həqiqətləri üzə çıxarmağa səsləyir.  

Bizim bu gün beynimizə “Altay nəzəriyyəsi” ilə yeridiblər ki, türklər Altaylardan köç edərək yayılmağa başlayıblar. Bu fikri tamamilə alt-üst edən görkəmli türkoloq F.Ağasioğlunun “Urmu nəzəriyyəsi” türklərin baba yurdunun qədim Azərbaycan ərazilərinin olduğunu və bu ərazilərdən həm qərbə, həm də şərqə köç edərək yayıldıqlarını sübut edir. Bu nəzəriyyəni dərindən öyrənsək öz tariximizin necə şanlı və qədim olduğunun şahidi olarıq.

Samirə Məmmədova

Mədəniyyətşünas

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi