İyunda Şirvanda 4 səyyar görüş keçirilib - Fotolar

İyunda Şirvanda 4 səyyar görüş keçirilib
Oxunma sayı: 987

Cari ilin iyun ayı ərzində Şirvan Şəhər İcra Hakimiyyətində vətəndaşlarla 4 səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin 5, 13, 18 nömrəli tam orta məktəblərində və Bayramlı qəsəbəsində keçirilən səyyar görüşlərdə ümumilikdə 261 vətəndaş iştirak edib, onlardan 26 nəfər müxtəlif problemlərlə bağlı Şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıb, 34 müxtəlif məzmunlu təklif və problemlər səsləndirilib.

ŞİH başçısı İlqar Abbasov, millət vəkil İltizam Yusifov, icra başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi hər bir səyyar görüşdə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlqar Abbasov şəhər sakinləri ilə görüş zamanı ölkə başçısı tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarının icrası barədə ətraflı məlumat verib. Dünyada başlayan pandemiyanın yaratdığı çətinliklərdən, infeksiyaya qarşı ölkəmizin dünyaya nümunə olan mübarizəsindən, profilaktik tədbirlərdən danışıb. Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də geniş tikinti, abadlıq-quruculuq işlərinin aparıldığı, küçələrin işıqlandırıldığı, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulduğu, sosial layihələrin reallaşdığı diqqətə çatdırılıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yüksəldilməsinə xidmət etdiyi qeyd edilib.

Sonda sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib.