İnternatda böyüyən, polis şöbəsində yaşayan Renada hökm oxundu

İnternatda böyüyən, polis şöbəsində yaşayan Renada hökm oxundu
Oxunma sayı: 7845

Bakıda köhnə polis şöbəsinin istifadəyə yararsız binasının birinci mərtəbəsində yaşayan şəxs tanımadığı adamlardan aldığı avtomatı üzərində gəzdirdiyi üçün həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bu ilin aprelin 10-da əvvəllər məhkumluq həyatı yaşamış, 27 yaşlı Renad Həmzəyev mənfəət qarşılığında “Kalaşnikov” konstruksiyalı avtomatını satmaq üçün üzərində gəzdirib. Məhkəmədə dindirilən R.Həmzəyev 3 yaşından Bakı şəhəri 7 saylı xüsusi internat məktəbində böyüdüyünü deyib: "Valideynlərimin kim olduğunu bilmirəm. Daimi yaşayış yerim olmadığı üçün Nizami rayonu 25-ci polis şöbəsinin keçmiş binasının 1-ci mərtəbəsindəki boş, istifadəsiz otaqda yaşayırdım. Aprelin 9-da içkili idim və “Neftçilər” metrostansiyası yaxınlığındakı “Maklerlər bağı”nda oturmuşdum. Tanımadığım iki nəfər mənə yaxınlaşaraq onlarda avtomat olduğunu, həmin silahı satmaqda onlara kömək etməyimi istədilər.

Silahın harada, kimə və neçəyə satılacağını soruşduqda həmin şəxslər bir nəfər restoran müdirinin gəlib dedikləri yerdə silahı məndən götürüb 1500 manat pul verəcəyini dedilər. Silahı satanda mənə 500 manat verəcəklərini dedilər. Həmin şəxslər mənə bu gün içkili olduğumu, səhəri gün həmin yerdə görüşüb satılası avtomatı mənə verəcəklərini, hara getməli olduğumu deyəcəklərini bildirdilər. Aprelin 10-da həmin şəxslərlə “Makler bağı”nda görüşdük.

Onlarla birlikdə yaşadığım yerə getdik. Bir az sonra tanımadığım başqa bir kişi gətirib avtomatı mənə verdi. Mən də silahı götürüb çiynimdən asıb, üstdən də palto geyindim. Üzü Nizami Rayon Məhkəməsinə tərəf getdik. Məhkəmənin yanında döngədə mənə silahı verən şəxs burada dayanmağımı, müştərinin bura gələcəyini dedi. Sonra mülki geyimli üç şəxs mənə yaxınlaşaraq özlərini polis kimi təqdim etdilər. Üzərimə baxdıqlarında avtomatı gördülər, məni polis şöbəsinə aparıb orada izahatımı aldılar. Tutduğum əməldən peşmanam”.

Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin baş əməliyyat müvəkkili məhkəmədə ifadə verərək R.Həmzəyevlə təsadüfən rastlaşdıqlarını deyib: “Aprelin 10-da saat 13 radələrində bizə məlumat daxil oldu ki, “Planet” şadlıq sarayında toy keçiriləcək. Həmin ərazidə müşahidə apardığım zaman əvvəllər üzərində uzun qara rəngli palto olan bir nəfərin həmin ərazidə şübhəli halda gəzdiyini gördüm. Həmin şəxsə diqqətlə baxanda onun belində, üzərində olan paltonun altında şübhəli əşya olduğu bilinirdi. Dərhal bu barədə ətrafda olan polislərə məlumat verdim və avtomobildən düşərək həmin şəxsə yaxınlaşdıq. Yaxınlaşan zaman o bizə adının Renad olduğunu dedi. Həmin vaxt Renad adlı şəxs özünü itirərək uzaqlaşmaq istədi. Buna görə onun qolundan tutaraq Polis Şöbəsinə dəvət etdik”.

Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə R.Həmzəyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.