İnam Kərimov Balakəndə vətəndaşları qəbul etdi - Fotolar

İnam Kərimov Balakəndə vətəndaşları qəbul etdi
Oxunma sayı: 586

Kənd təsərrüfatı naziri İnam Kərimov avqustun 19-da Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Balakən, Zaqatala və digər rayonlardan olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan öncə nazir İnam Kərimov və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra İnam Kərimov Balakən Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 43 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən subsidiyaların ödənişi, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təminedilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.

“Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir İnam Kərimov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, tövsiyələrini verib.