“İlk dəfə idi ki, 50 minlik məbləğ nəzərdə tutulmuşdu”

“İlk dəfə idi ki, 50 minlik məbləğ nəzərdə tutulmuşdu”
Oxunma sayı: 1966

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ötən gün “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələrini elan edib. Ümumilikdə qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib. 

Qaliblər elan olunandan sonra sosial şəbəkələrdə bu istiqamətdə müzakirələr başlayıb. Yer tuta bilməyən QHT rəhbərləri müsabiqənin düzgün keçirilməməsi ilə bağlı iddialar səsləndiriblər. Digər bir kəsim isə əksinə, bu dəfə müsabiqənin əvvəlki ilə nisbətdə daha ədalətli keçirildiyini, qaliblər seçilərkən isə bütün qaydalar və meyarlara dəqiqliklə əməl edildiyini bildiriblər.   

"Qafqazinfo" məsələ ilə bağlı QHT-lər üzrə ekspert, hüquqşünas Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Əliməmməd Nuriyev qeyd edib ki, bu olduqca əhəmiyyətli müsabiqədir: "Çünki Azərbaycan torpaqları işğaldan azad olunandan sonra bu istiqamətdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi müsabiqə siyasi, iqtisadi və mənəvi əhəmiyyət malik idi". 

Müsabiqənin nəticələrini dəyərləndirən ekspert qeyd edib ki, proses olduqca şəffaf həyata keçirilib: "Müsabiqə ilə bağlı bütün proseslərin şəffaf şəkildə həyata keçirilməsinin şahidi olduq. Hətta müsabiqə ilə bağlı elanın verilməsi, elan hazırlanarkən, müsabiqə istiqamətləri seçilərkən belə onların özü də müzakirələrdən keçdi. Müsabiqə ilə bağlı qərar qəbul ediləndən sonra dərhal müvafiq elan verildi. Elan QHT Agentliyinin saytında yerləşdirildi, mətbuatda yayıldı. Həm müsabiqənin şərtləri aydın, dəqiq və konkret idi, həm də müsabiqənin məbləği olduqca yüksək (50 min AZN qədər) idi. Azərbaycanda ilk dəfə idi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi belə böyük müsabiqə elan edirdi. Belə ki, ilk dəfə idi ki, müsabiqəyə təqdim edilən layihə üçün son hədd, məbləğ 50 minə qədər nəzərdə tutulmuşdu". 

O, miqyasına görə bu layihəni ilkin pilot layihədə adlandırıb: "Müsabiqənin nəticələri ilə bağlı deyə bilərəm ki, qaliblər seçilərkən müəyyən məsləhətləşmələr də olub. Layihələrlə bağlı agentlik Şuşa şəhər Dövlət Qoruğu, Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəliyi ilə məsləhətləşmələr edib. QHT Agentliyi hətta Şuşada bu məsələlərlə bağlı iclas keçirdi. Bildiyim qədəri ilə layihələrin qiymətləndirilməsinə müxtəlif qurumlardan peşəkar insanlar cəlb olunub. QHT Agentliyinin Müşahidə Şurasında da layihələrlə bağlı gərgin müzakirələr keçirilib. Ümumilikdə qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsində qalib olub. Bunun özü böyük rəqabətin göstəricisidir. Bu rəqabətin olması özü də prosesin şəffaflığını sübut edir. Yəni seçim prosesi, müsabiqə o qədər şəffaf idi ki, müsabiqəyə bu qədər layihə təqdim olunmuşdu. Qalib gələn layihələrin məzmunu ilə bağlı məlumatım yoxdur, lakin düşünürəm ki, bu cür prosedurlardan keçən layihələr daha məzmunlu, daha keyfiyyətli və bütövlükdə Şuşanın adına layiq, onun inkişafına, yenidən qurulmasına təkan verə biləcək layihələr olacaq".