İlham Əliyev Tatarıstan Prezidenti ilə görüşdü

İlham Əliyev Tatarıstan Prezidenti ilə görüşdü
Oxunma sayı: 1401

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 29-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Rüstəm Minnixanov Azərbaycana böyük nümayəndə heyəti ilə səfər etdiyini vurğulayıb. O, nümayəndə heyətinin tərkibində çoxsaylı şirkətlərin təmsilçilərinin də olduğunu diqqətə çatdırıb, Rusiyanın regionları ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində Tatarıstanın da ölkəmizlə əlaqələrinin inkişaf etdiyini məmnunluqla bildirib.

Bakının gözəlliyindən məmnunluğunu bildirən Rüstəm Minnixanov ölkəmizin sürətli inkişafını qeyd edərək Azərbaycanın sənaye potensialının artırılması istiqamətində görülən işləri vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, iki ölkənin prezidentləri arasındakı dialoq əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi üçün əsas istiqamətləndirici amildir. Azərbaycan Prezidenti cari il ərzində yüksəksəviyyəli qarşılıqlı səfərlərin önəminə toxundu, özünün Rusiyaya səfərlərinin, iki ölkənin qanunverici orqanları və hökumətləri səviyyəsində səfərlərin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında regionlararası təmasların vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev bu xüsusda Azərbaycan ilə Tatarıstan arasında əlaqələrin hərtərəfli inkişafını qeyd edib.

Görüşdə “KamAZ”ın Azərbaycanda istehsalı məmnunluqla vurğulanıb, bu xüsusda işğaldan azad edilmiş Cəbrayılda ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Araz vadisi sənaye zonasında “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlinin qoyulmasının önəmi qeyd olunub.

Görüşdə Azərbaycanda və Tatarıstanda fəaliyyət göstərən sənaye zonaları arasında əməkdaşlığa toxunulub, bu məsələlərin Bakıda keçirilən biznes forumda daha geniş müzakirə ediləcəyi bildirilib.

Söhbət zamanı Azərbaycan-Rusiya hərtərəfli əlaqələri çərçivəsində Azərbaycan ilə Tatarıstan arasında da energetika, neft-kimya, sərmayələr, nəqliyyat, logistika, sənaye korporasiyaları, humanitar, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.