İcbari tibbi sığorta ilə ilk dəfə səs eşitməyin sevinci

İcbari tibbi sığorta ilə ilk dəfə səs eşitməyin sevinci
Oxunma sayı: 3723

İcbari tibbi sığortanın ölkə üzrə tətbiq edildiyi 2 il ərzində 200-dən çox uşağa eşitmək şansı yaradılıb

Fatimədə eşitmə problemi vardı. Amma o, az da olsa, eşidirdi. 5 yaşlı oğlum Kənan isə eşitmə qüsurlu doğulub. Ötən il əvvəlcə, o, əməliyyat olundu. Artıq danışmağa da başlayıb. Nəticə uğurlu olduğundan Fatimənin də problemi aradan qalxsın istədik. Çünki eşitməsi getdikcə pisləşirdi. Artıq 4-cü dərəcə eşitmə qüsurlu idi. Qızımın əməliyyatı da uğurlu keçdi. Hər iki uşağım sığortaolunan olaraq icbari tibbi sığorta ilə ödənişsiz əməliyyat olundu. Mən bu vəsaiti çətin ki, toplayıb uşağı əməliyyat etdirə bilərdim. Əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olduğundan bu imkandan yararlandıq. Əməliyyatdan sonra 3 dəfə sığorta hesabına cihazın texniki müayinəsi aparıldı. Çox sevinirəm. Çünki icbari tibbi sığorta tətbiq edilməsəydi, nəinki hər iki övladımı, heç birini də əməliyyat etdirə bilməzdik. Nəticədə uşaqlarımız ömrünün sonuna kimi səs eşitməyəcəkdi”.

Bunu uşaqların anası Rufanə Seyfullayeva deyib. Kənan və Fatimə bacı-qardaşdır. Fatimə 9, Kənan 6 yaşındadır. Hər ikisi eşitmə qüsurludur. Qohum evliliyindən dünyaya gələn uşaqlardan biri – Kənan 5 yaşına kimi səssizliyə məhkum olub. Bəlkə də  o, səsin nə olduğunu bilmədən böyüyəcəkdi, əgər icbari tibbi sığorta tətbiq edilməsəydi. Kənan və Fatimə kimi onlarla uşaq var ki, ana laylasını, ata əzizləməsini məhz koxlear implantasiya əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edildiyi üçün eşidəcək.

Kimlər əməliyyat olunur?

İcbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlananlar, sadəcə uşaqlar deyil. İlk növbədə qeyd edək ki, eşitmə itkisinə başlıca səbəb olaraq genetik faktorlar, yəni yuxarıdakı nümunədə olduğu kimi qohum evlilikləri, qulaq iltihabları, ana bətnində və ya doğuş zamanı yaranan infeksiyadan qaynaqlanan fəsadlar göstərilir.

Kimin əməliyyat olunub səs eşitmə qabiliyyətinin bərpa edilə biləcəyinə isə həkim qərar verir. Belə şəxslər əsasən yenidoğulmuşlar olsa da, eşitmə qüsuru yaşla deyil, sinirlə bağlıdır.

İcbari tibbi sığorta anadangəlmə və ya sonradan yaranmış sensonevral eşitmə azlığı (sinirin keçiciriliyinin itirilməsi) olan sığortaolunanlara şamil edilir. Anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanların əməliyyat olunmaq üçün yaş həddi 5, sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanlar üçün isə yaş həddi 40 müəyyən edilib. Belə pasiyentlər arasından icbari tibbi sığortadan yararlanaraq əməliyyat keçirib eşitməyə başlayanların sayı diqqətəlayiq göstəricidir. Artıq 220-yə qədər şəxs sağlamlığına qovuşub. Onlardan 17 böyük, 141 uşaq olmaqla 158 nəfər 2021-ci ildə, 2 böyük, 60 uşaq olmaqla 62 nəfər 2022-ci ildə səssizlikdən xilas olub.

Əməliyyat tibbi göstərişlərə əsasən həyat və sağlamlığı üçün təhlükəlilik dərəcəsi ən yüksək olan pasiyentin həyat və sağlamlığı üçün təhlükəlilik dərəcəsi ən aşağı olan pasiyentlə növbələşmə prinsipinə əsasən göstərilir. Xüsusi tibbi təchizat və təminat tələb edən koxlear implantasiya əməliyyatının aparılması dövlət tibb müəssisələrində mümkün olmadığına görə, bu əməliyyat üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir.

Lakin əməliyyatla iş bitmir. Axı, səssizlikdən səslər dünyasına keçid elə də asan deyil. Koxlear implantasiya əməliyyatı kimi ondan sonrakı reabilitasiya dövrü də əməliyyat olunmuş şəxslərin cəmiyyətdə öz yerini tutmasına xidmət edir, eşitmə qabiliyyətinin tam bərpasını təmin edir, onları səssizlikdən, başqa sözlə, ömürlük əlillikdən xilas edir. Əməliyyatdan sonrakı proses düzgün idarə edilməzsə, insanın sosial həyata adaptasiyası gecikir. Ona görə də bu proses elə əməliyyatın özü qədər önəmlidir.

Beləliklə, reabilitasiya dövrü əməliyyat yeri sağalanda, yəni təqribən 1 ay sonra başlayır. Belə ki, əməliyyatla yerləşdirilmiş daxili cihaza üst cihaz, yəni səs ötürücü hissə taxılır və şəxs hər şey qaydasındadırsa, səs eşidir.

Gedək, üst cihazın quraşdırıldığı, yəni eşitmə qüsurlu şəxsin ilk səs eşitdiyi həmin yerə - Koxlear Reabilitasiya və Bərpa Mərkəzinə.

İLK səs

Əməliyyatdan sonra insanın eşitdiyi ilk səs, əksərən, səs mütəxəssisinin səsi olur. Əməliyyat sırasında da xəstənin yanında olan səs mütəxəssisləri ən həyəcanlı, ən emosional anlara şahidlik edirlər. Onlar əvvəlcə əməliyyatda iştirak edib ölçmələr aparır, elektrodların işləyib-işləmədiyini yoxlayır, sonra isə üst cihazı taxıb xəstənin səsi eşidib-eşitmədiyini test edirlər.

“Eşidir!” - bunu anlamaq elə də çətin deyil. Çünki səsə verilən reaksiyalar o qədər bariz, o qədər həyəcanverici olur ki! Kimi ağlayır, kimi gülür, kimi də çaşqın baxışlarla ətrafı nəzərdən keçirir. Səslər aləminə keçid sayılan bu kiçik cihazlar elə həmin gündən ömürlük yol yoldaşı olur, bir möcüzəyə çevrilir heç səs eşitməmiş insanların gözündə.

Koxlear implantlar hansı meyarlara görə seçilir?

Sığortaolunanların təmin edildiyi səs ötürücü bu cihazlar beynəlxalq keyfiyyət standartlarına cavab verən koxlear implantlardır. Dəyəri yüksək olan həmin aparatlar icbari tibbi sığorta tərəfindən tamamilə ödənişsiz olaraq qoyulur. “Üst cihaz” adlandırdığımız nitq prosessoru taxılandan sonra hansısa parametrlərinin dəyişməsi və ya pozulması ehtimalına qarşı azı 3 dəfə səs tənzimlənməlidir. Əməliyyatdan sonrakı 12 ay ərzində nəzərdə tutulan bu prosedur da ödənişsiz həyata keçirilir.

Əməliyyat zamanı istifadə olunan implant icbari tibbi sığorta tərəfindən tələb olunan beynəlxalq keyfiyyət standartlarına cavab verməli və müəyyən olunmuş texniki parametrləri özündə əks etdirməlidir.

Reabilitasiya 3 aydan 2 ilədək uzanırsa...

Bu bir həqiqətdir ki, eşitmə qüsuru nə qədər erkən yaşda müəyyən edilərsə, nitqin bərpası da bir o qədər sürətli alınar. Reabilitasiya dövrünü əhatə edən və nitqin sürətlə bərpasını təmin edən proqram məhz eşitmə qüsurlu insanın nitqinin qısa müddətdə bərpasına və insanın cəmiyyətə adaptasiyasına kömək edir. Proqram əsasında pasiyent üçün hər biri 36 saat olmaqla loqoped və psixoloq qəbulu da icbari tibbi sığorta hesabına təmin olunur.

Lakin xəstənin vəziyyətindən asılı olaraq nitqin bərpası 3 aydan 2 ilədək çəkə bilər. Bunun baş verməməsi üçün Koxlear Reabilitasiya və Bərpa Mərkəzində uşaqlar cihazla təmin edildikdən sonra ailələrlə görüşülür, onlara tövsiyələr verilir, uşaqla necə davranmalı olduqlarına dair təlimatlandırılırlar. Ancaq valideynlərin həmin təlimatlara nə qədər əməl etdikləri də çox önəmlidir. Mütəxəssislər hesab edirlər ki, uşaqlarla çox danışıb, sosial həyatda iştiraklarını təmin etməklə bərpa müddətini qısaltmaq olar.

Koxlear Reabilitasiya və Bərpa Mərkəzində valideynlərin proqramın tələblərinə, verilən təlimata əməl edib-etmədiyini isə eşitmə cihazları üzə çıxarır. Bu cihazların ən böyük üstünlüyü məhz budur - onların yaddaşı (“data log in”) var. Bu, valideynin də uşaqla məşğul olduğunun öyrənilməsinə kömək edir. Cihazın neçə saat işlədiyi, hansı səsləri ötürdüyü yaddaş kartında qeyd edilir.

Reabilitasiya prosesində loqopedlər uşaqların eşitmə qavrayışı, nitqi, kommunikativ ünsiyyət qurma bacarığının inkişaf etdirilməsi, səs və tələffüz, oxu və yazı kimi pozulmaların aradan qaldırılması istiqamətində təlimlər həyata keçirir, psixoloqlar isə uşağın mövcud olduğu mühiti, problemin kökünü araşdırır, azyaşlının təfəkkürünün və qavramasının inkişafına, davranış pozğunluğunun aradan qaldırılmasına çalışır.

Uzun sözün qısası, sözügedən xidmətin icbari tibbi sığortanın Xidmətlər Zərfində əks olunmasından sonra ölkəmizdə eşitmə qüsurlu insanlar üçün bir çox şey dəyişib. Onlar üçün bahalı əməliyyat, bahalı cihaz problemi aradan qalxıb. İndi səs eşitmək uzaq xəyal yox, sadə reallığa çevrilib. Qalır, sadəcə müraciət etmək.

Biri-birinin arxasınca reallaşan uğurlu cərrahi əməliyyatlar onu deməyə əsas verir ki, müraciət edənlər var və artıq “qüsurlu” sözü onların həyatından birdəfəlik çıxıb. Eşitmə qüsuru olan birinin səs eşitməkdən tutmuş həyata qaynayıb-qarışması üçün lazım olan hər addım atılır. Nəticədə eşitmə qüsurlu insan əvvəlcə səslər aləminə, sonra isə bütövlükdə cəmiyyətə adaptasiya olunur.

Eşitmə qüsurlu insan üçün eşitməyi, “eşidirəm” deməyi əlçatan edən icbari tibbi sığortanın məqsədi də budur: bir insanın cəmiyyətə adaptasiyasını təmin etmək, cəmiyyətə bir insan qazandırmaq!          

Ruhiyyə Daşsalahlı