Hindistanlı turist Zaqatalada itkin düşdü

Hindistanlı turist Zaqatalada itkin düşdü
Oxunma sayı: 1490

Azərbaycana turist səfərinə gələn Hindistan vətəndaşı dağlıq ərazidə itkin düşüb.

Mayın 17-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə ölkəmizə səyahət edən Hindistan vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Hazırda Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları həmin şəxsin tapılması istiqamətində axtarışlara cəlb olunublar. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Amin Nəzərli