Heydər Əliyev və Naxçıvanda çürüyən üzümlər...

Heydər Əliyev və Naxçıvanda çürüyən üzümlər...
Oxunma sayı: 5026

Azərbaycanda humanitar sahənin dəqiq elmlərin altında əzilməsi, insanların incəsənətə, ədəbiyyata yalnız əyləncə kimi baxmasının acı sonluğu özünü çox gözlətmədi; qulağımız hər gün bir söz eşidir, yuxuyagəlməz hadisələrin şahidi oluruq.

Mədəniyyətə əyləncə kimi baxan cəmiyyətlərin cəzası ağır olur.

Cəmiyyət saymağı onsuz da öyrənir, ona üzrlü saymağı öyrətmək lazımdır.

Adından bəlli: incə sənət.

Bu sahə xüsusi qayğı tələb edir. Haqqı da var, çünki mədəniyyət, söz sənəti illər sonranın siyasətini, iqtisadiyyatını diktə edir.

Son illər həm dünya, həm Azərbaycanda baş verən kataklizmlər, bu hadisələrin nəticələri həmin mədəniyyət sahəsinin başında çatladı. Neft ucuzlaşanda, koronavirus gələndə, müharibə başlayanda ilk zərbə məhz mədəniyyət sahəsinə dəydi.

Mədəniyyət plastına xas bəzi təşkilatlar ləğv edildi, bəzilərinin büdcəsi azaldıldı, bəziləri müvəqqəti qapadıldı. O isə...

***
SSRİ üçün kənd təsərrüfatının hansı əhəmiyyət daşıdığını hamı bilir. Ölkədə mədəniyyətdən, ideologiyadan daha çox kənd təsərrüfatı və bu peşə sahibləri təbliğ olunurdu. Bir növ ideologiya elə aqrar inkişafa, kəndli zəhmətinə hesablanmışdı. Bu ölkədə kənd təsərrüfatının nə demək olduğunu görmək üçün dövlət bayrağına qədər gedib çıxmış çəkic və orağa baxmaq kifayətdir.

Belə günlərin biri... 1979-cu il... Naxçıvan... Qorabişirən avqust ayı.

Qora həqiqətən də bişir, çürüyür, yığan tapılmır. Tonlarla üzüm tağında qalır. 

Bu göstəriş isə həmin vaxt  Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev tərəfindən verilmişdi. Təbii, bu qərarı vermək, sonradan nəticəyə cavabdehlik daşımaq rahat görünmür.

Lakin o, həmin qərarı “Babək” filminə görə vermişdi. 70-ci illərdə qrafik işlər, filmə kompüter müdaxiləsi sıfır dərəcəsində olduğundan kütləvi səhnələrin çəkilişində həqiqətən də, kütləvi sayda adam lazım olurdu.

Xalq artisti Rasim Balayev bir neçə il öncə verdiyi müsahibəsində deyir: “Naxçıvanda gedən çəkilişlər üzüm yığımı vaxtına təsadüf etmişdi. Belə bir vaxtda filmin kütləvi səhnələrində çəkilmək üçün aktyor gücü az olduğu üçün yerli əhali də çəkilişlərə cəlb edilmişdi. Naxçıvan rəhbərliyi üzüm yığımı ilə əlaqədar camaatın tam səfərbər edilməsinə nail ola bilmədi. Bu məqamda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Heydər Əliyev məsələyə müdaxilə etdi. O, Naxçıvan rəhbərliyinə tapşırıq verdi ki, “Babək” filmi üçün lazım olan bütün şərait yaradılsın və bildirdi ki, “eybi yox, Naxçıvan bu il üzümü az yığsa da olar”.

Bəli, həmin il Naxçıvan üzümü az yığdı. Ancaq gəlin baxaq, həmin il üzüm daha çox yığılsaydı, nə olacaqdı?

Sonra oturub bir də “Babək” filminə baxaq.

Bu qorabişirən günlərdə həmin qərarları xatırlamaq da gözəldi. “Babək”, “Nəsimi”, “Atları yəhərləyin” kimi filmlər çəkməyə pulumuz olmasa da.

Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün.

Bu yerdə həmin filmin olduqca möhtəşəm səhnələrindən birini təqdim edirik: