“Həftədə 200-dən artıq sərnişin gətirmək ixtiyarımız yoxdur” - AZAL-ın vitse-prezidenti

“Həftədə 200-dən artıq sərnişin gətirmək ixtiyarımız yoxdur”
Oxunma sayı: 7358

“Bakı-Naxçıvan-Bakı reysi üzrə uçuşlar üçün bilet satışını onlayn açdığımız zaman ilk 10 dəqiqə ərzində Naxçıvan-Bakı istiqamətində, 30 dəqiqə ərzində iki reys üzrə biletlərin hamısı satıldı”. 

Bu sözləri "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev “Qafqazinfo”ya müsahibəsində deyib. 

O bildirib ki, növbəti gün ərzində bu istiqamətlərdə iyun ayına olan biletlərin hamısı, hətta iyul ayının ikisinə olan biletlər belə satılıb:

“Bildiyimiz kimi, Bakı-Naxçıvan-Bakı reysi üzrə uçuşlarımız iyun ayının 18-dən başlayacaq və həftədə iki reys olmaq şərtilə həyata keçiriləcək. Elə ilk gün Bakı-Naxçıvan-Bakı istiqamətində 2 reys yerinə yetirəcəyik. Ondan sonra da hər həftənin 2-ci və 4-cü günləri gündə bir reys olmaqla uçuşları həyata keçirməyi planlaşdırırıq. Satışın onlayn qaydada belə sürətli getməsi bir çox şikayətlərin ortaya çıxmasına səbəb oldu. İnternetlə əlaqədar olan gənc nəsil daha tez biletləri ala bildi və yaşlı, xəstə insanlar fürsətdən faydalana bilmədi. Ona görə də, biz iyulun 7-dən başlayaraq onlayn satışı dayandırdıq”. 

Qurum rəsmisinin sözlərinə görə, müraciətləri nəzərə alaraq AZAL Naxçıvan Muxtar Respublikasının Bakıdakı təmsilçiliyi ilə əlaqəyə girərək satışın növbələmə əsasında həyata keçirilməsi üçün danışıqlar aparır:

“Təəssüf ki, hələlik bir şeyə nail ola bilməmişik. Nümayəndəliyə təklif etmişik ki, onlar bizə həftədə 200 nəfərin siyahısını versin və biz bilək ki, kimlərə bilet sata bilərik. Hesab edirik ki, onlar gedib gəlməyin kimə daha vacib olduğunu yaxşı bilər. Bunu etmək üçün bizim çox böyük səriştəmiz də var. Mart ayının 2-dən ölkəyə uçuşlar mərhələli şəkildə bağlanmağa başladı və biz Xarici İşlər Nazirliyi ilə birgə səfərlər təşkil edərək vətəndaşlarımızı ölkəyə təxliyyə etdik. XİN təxliyyəyə ehtiyacı olanlarla bağlı təyin edilmiş siyahıları bizə təqdim edirdi. 

Naxçıvan tərəfi ilə apardığımız danışıqlar qısa zaman ərzində nəticə verməsə, məcbur qalıb biletləri yenidən onlayn satışa buraxacağıq. Onlayn satış həyata keçiriləndə yenə də yarım saat, bir saat ərzində bir ayın biletləri satılacaq. Çünki əgər normal tələbatdan danışsaq, hər il yay dönəmində Naxçıvan-Bakı-Naxçıvan istiqamətində gün ərzində 10 reys yerinə yetirilirdi. Təxminən 1500 sərnişin Naxçıvana, 1500 sərnişin isə oradan Bakıya daşınırdı. Bu, həftədə 20-21 min sərnişin deməkdir. Hazırda isə mövcud vəziyyəti nəzərə alaraq Operativ Qəraragahın verdiyi qaydalara uyğun olaraq həftədə cəmi 2 reys yerinə yetirə bilirik və 200 nəfər oraya, 200 nəfər isə buraya qayıdır. Bu isə mövcud tələbatın 2%-i deməkdir. Hər kəsdən xahiş edirəm ki, çox vacib işi olmayanlar bu səfərdən imtina etsin. Bu da bizə imkan yaradar ki, mərhələli şəkildə reyslərin sayını artıraq”. 

Eldar Hacıyevin sözlərinə görə, uçuşlarda öncəlik veriləcək 200 sərnişinin hansı kateqoriyalar üzrə seçiləcəyi Naxçıvanın Bakı təmsilçiliyindən asılıdır:

“200 sərnişinin hansı kateqoriyalar üzrə seçiləcəyini biz bilmirik. Bizim işimiz sərnişin daşımaqdır. Bunun üçün başqa bir requlyator olmalıdır. Hələ ki, Bakı təmsilçiliyindən rədd cavabına bənzər bir cavab alırıq. İnsanlar belə hesab edir ki, məsələni sadəcə uçuşların sayını artırmaqla həll etmək olar. Biz də elə hesab edirik. Ancaq mövcud vəziyyət və qərarlar buna imkan vermir. Yaxın dönəmdə AZAL-ın Naxçıvan- Bakı istiqamətində həftədə 200-dən artıq sərnişin gətirmək ixtiyarı yoxdur”.

E. Hacıyev deputat Fazil Mustafanın bilet pulu və əlavə təyyarələrin təşkil olunması ilə bağlı Maliyyə nazirinə müraciətinə də münasibət bildirib. Qeyd edib ki, AZAL-ın texniki imkanları məhdud deyil və istənilən qədər hər iki istiqamətdə səfər edə bilər:

“Düşünmürəm ki, hörmətli deputatın dediyi kimi kiminsə bilet almaq üçün pula ehtiyacı var. Yəqin ki, buna imkanları var. Sadəcə olaraq Operativ Qərargahın qaydalarına əsasən həftədə 200 nəfər Bakıya gələ bilər. Hava limanlarımız da, təyyarələrimiz də sərnişinlərə xidmətə hazırdır. Sərnişinlərə hava limanında, təyyarənin salonunda özlərini necə aparmalı olduqları ilə bağlı video-çarx da hazırlamışıq.

Məndə olan bugünkü məlumata görə, aprel ayından bir neçə sərnişində biletimiz qalmışdı. Onlardan artıq 50 nəfər Bakı-Naxçıvan üzrə biletlə təmin olunublar. Qalan 20-30 nəfərin də tam siyahısı hazır olan kimi istədikləri tarixdə öz biletləri ilə təmin olunacaqlar. Bütün sərnişinlərə zəmanət veririk ki, hər kəs aldığı bilet çərçivəsində şirkət öz işinə başladığı müddətdən biletlərdən istifadə edə biləcək və ya biletləri qaytarıb pullarını geri ala bilərlər”.

Şirkətin vitse-prezidenti son olaraq vətəndaşlara səslənərək artıq həyatda yeni qaydalarla yaşamalı olduğumuzu xatırladıb:

“Çünki yaxın dönəmdə bu koronavirus epidemiyası heç bir yerə getməyəcək. Biz bununla paralel olaraq yaşamağa öyrəşməliyik”. 

Günel Hacı
Video: Pərvin Zeynalov