Həbsdə olan sabiq icra başçısı xəstəxanaya yerləşdirildi - Koronavirusa yoluxub

Həbsdə olan sabiq icra başçısı xəstəxanaya yerləşdirildi
Oxunma sayı: 5636

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Report-a onun vəkili Leyla Məmmədova bildirib.

Vəkilin sözlərinə görə, hazırda müvəkkilinin vəziyyəti stabil-ağırdır: "Sentyabrın 13-də Mahir Quliyevin vəziyyəti ağırlaşdığı üçün Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürülüb".

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

O, ötən il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Hazırda onun cinayət işi üzrə məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.