Həbsdə olan MTN generalının işi Hərbi Məhkəməyə qaytarıldı

Həbsdə olan MTN generalının işi Hərbi Məhkəməyə qaytarıldı
Oxunma sayı: 3818

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general-mayoru Mövlam Şıxəliyevin apellyasiya şikayəti üzrə ilkin məhkəmə iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 12 il müddətə azadlıqdan məhrum edilmiş general barəsində bəraət hökmü çıxarılmasını və müsadirə edilən əmlaklarını geri istəyirdi.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən baxış zamanı hakim işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytarıb. Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, buna səbəb apellyasiya şikayətinin verilmə müddətinin ötürülməsi olub. Eyni zamanda, vəkil məhkəməyə bir sıra vəsatətlər təqdim etdiklərini bildirib. Lakin iş geri qaytarıldığı üçün həmin vəsatətlər baxılmamış saxlanılıb. Qərar verilib ki, cinayət işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərildikdən sonra vəsatətlərə baxılsın.

Qeyd edək ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

Amin Nəzərli