Gömrükdən 16 milyonluq narkotik keçirmək istədilər - Video

Gömrükdən 16 milyonluq narkotik keçirmək istədilər
Oxunma sayı: 2261

Gömrükçülər külli miqdarda - 137 kiloqramdan artıq heroin aşkar edib. Narkotik vasitə tranzit şəkildə Azərbaycandan keçən yük nəqliyyat vasitəsində aşkar olunub.

Bu barədə "Qafqazinfo"ya Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. 

Qeyd olunub ki, narkotik vasitə tranzit şəkildə Azərbaycandan keçən yük nəqliyyat vasitəsində aşkar olunub. Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Qazaxıstan Respublikasına “Daf” markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda həmin nəqliyyat vasitəsi saxlanılıb. “Marqarin” yükü aparan avtomobilin sürücüsü şifahi sorğu sual zamanı idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük nəzarəti zamanı kinoloji xidmət iti avtomobilin kabininə reaksiya verdiyindən nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib və kabinin tavanında şübhəli cizgilər müşahidə olunub. Nəqliyyat vasitəsində əsaslı yoxlama aparan gömrük əməkdaşları kabinin içərisindəki üzlüyün altında yerləşdirilərək gömrük nəzarətindən gizlədilən 171 ədəd düzbucaqlı formalı bağlamalar aşkar edib. Baxış zamanı bağlamalarda ümumi çəkisi 137 kq 339 qram narkotik vasitə-heroin olduğu müəyyən edilib.

İlkin sorğu-sual zamanı sürücü həmin narkotik vasitənin əvvəlcədən razılaşma yolu ilə İran İslam Respublikasında nəqliyyat vasitəsinə yüklənildiyini və müəyyən pul vəsaiti müqabilində Qazaxıstan Respublikasına aparmalı olduğunu bildirib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitə-heroinin Avropanın qara bazarında dəyəri təqribən 16 milyon manatdan artıqdır.

Faktla bağlı araşdırma aparılır.