“Gömrük inkişaf modeli” təqdim olundu - Fotolar

gomruk-inkisaf-modeli-teqdim-olundu
Oxunma sayı: 1911

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gömrük-Biznes Forumu 2023” çərçivəsində Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi “Gömrük İnkişaf Modeli”, “Transxəzər gömrük tranzit portalı”, “Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi”, “Səlahiyyətli iqtisadi operator proqramı” və “Smart-Bot” mobil tətbiqi layihələrinin təqdimatı olub.

“Qafqazinfo” xəbər verir ki, forumda “Gömrük inkişaf modeli”nin məqsədinin bütün səylərin ortaq strategiyası olmaqla düzgün istiqamətdə hərəkət edib, novator olaraq, keyfiyyətə diqqət yetirərək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdən ibarət olduğu diqqətə çatdırılıb. “Gömrük İNKİŞAF modeli” gömrük orqanlarının gələcək fəaliyyətinin prioritetlərini, prinsip və məqsədlərini özündə əks etdirən gömrük işinin təşkilinin konsepsiyasıdır. "Transxəzər Gömrük Tranzit Portalı" orta dəhliz ölkələrinin gömrük orqanları tərəfindən elektron şəkildə təqdim edilən sənəd və məlumatların öncədən emalı hesabına yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan, yaşıl mühitə tövhə verən Şərqlə Qərbin Xəzər dənizi üzərində rəqəmsal qovşaq mexanizmidir.

ARAS – məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemidir. Burada xarici ticarət iştirakçılarının, daşıyıcıların, malların (nəqliyyat vasitələrinin) müvafiq indikatorlar üzvə risk profili müəyyən edilməklə onlara sərhəd keçidi və gömrük rəsmiləşdirilməsi proseduru təyin ediləcək, mallar ölkə ərazisinə daxil olanadək onlar üçün müvafiq dəhliz (yaşıl, sarı, mavi, qırmızı) və mal buraxılış qaydası risk mühərriki vasitəsilə müəyyən ediləcək.

Səlahiyyətli İqtisadi Operatorlar – Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsində gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından prioritet qaydada istifadə edən idxalatçılar, ixracatçılar, daşıyıcılar, gömrük təmsilçiləri və anbar sahibləridir. Səlahiyyətli İqtisadi Operatorlar sadələşdirilmiş gömrük əməliyyatları, minimum gömrük yoxlamaları, ticarət zənciri boyu təmassız və maneəsiz hərəkət, 7/24 kommunikasiya imkanı, güvənli gömrük-biznes əməkdaşlığı, beynəlxalq bazarlara əlçatanlıq kimi üstünlüklərdən faydalanacaqlar. Qeyd olunub ki, “Smart-Bot” mobil tətbiqi vətəndaşlara 24 saat xidmət edən elektron gömrük bələdçisidir. Gömrük inzibatçılığının vətəndaşlara aid normalarının tətbiqinə aid məsələlərin, müşaiyət olunan baqaj, poçt göndərişləri, valyuta tənzimi ilə bağlı tez-tez verilən sulların məntiqi alqoritm əsaslı cavablandırılması üçün əlçatan mobil tətbiqidir.

Zaur Mirzə

Foto: Pərvin Zeynal