“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün təlim keçirilir - Video

“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün təlim keçirilir
Oxunma sayı: 968

Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi 2022” yarışlarına hazırlıq işləri çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Bakı Marşal Klubu marşalların bacarıq və təcrübələrinin artırılması məqsədilə tədbir və təlimlərin təşkilinə start verib.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə mayın 14-dən başlayaraq ümumilikdə dörd gün ərzində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin dəstəyi ilə yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün təlimlər keçirilir.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynovun rəhbərliyi ilə təşkil olunan təlimlərin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək fövqəladə hallarla bağlı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasıdır.

Nəzəri və praktik hissələrdən ibarət bu təlimlərdə ümumilikdə 191 nəfər iştirak edib. Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.

Praktiki hissədə fövqəladə hadisələr, o cümlədən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.