FHN Ağdamda seminar-müşavirə keçirdi - Fotolar

FHN Ağdamda seminar-müşavirə keçirdi
Oxunma sayı: 609

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və “İzotop” xüsusi kombinatının təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Nazirliyin Qarabağ Regional Mərkəzində “İşğaldan azad olunmuş ərazilərdə radioekoloji mənbələr” mövzusunda seminar-müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, seminar-müşavirədə FHN-in məsul şəxsləri, işğaldan azad olunmuş rayonların, eyni zamanda azad olunmuş ərazilərə yaxın yerləşən, Ermənistanın raket və mərmi hücumlarına məruz qalmış rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən qazanılmış tarixi Zəfərin əhəmiyyətindən danışıb. İşğal dövründə ermənilər tərəfindən yaşayış məntəqələrimizin tamamilə dağıdıldığını qeyd edən idarə rəisi, həmin müddətdə təbiətə də ciddi ziyan vurulması faktına diqqət çəkib. Bildirib ki, bölgədə radioekoloji vəziyyət ilə əlaqədar yarana biləcək fəsadların vaxtında müəyyən edilərək aradan qaldırılması hazırda mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

Sonra “İzotop” xüsusi kombinatının direktoru Fikrət Aslanov seminar-müşavirə iştirakçılarına radiasiya təhlükəsizliyi, radiasiya mənbələri barədə məlumat verib, müharibə vaxtı düşmənin istifadə etdiyi “fosforlu” və digər təhlükəli silahların radiasiya təhlükəsindən danışıb. O, bildirib ki, Ermənistanda SSRİ-nin silah arsenalından qalmış hərbi təyinatlı, radiasiya təhlükəsi yaradan çoxlu cihazlar olub. Buraya, o cümlədən gecəgörmə nişangahları, hərbi təyinatlı kompas və saatlar, hərbi aftomobillərdə yerləşdirilən cihazlar daxildir. Fikrət Aslanov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizə səfər edən şəxslər çox diqqətli olmalı, belə cihazlara rast gəldikdə dərhal müvafiq dövlət orqanlarına məlumat verməlidirlər. Bu istiqamətdə əhali arasında geniş maairfləndirmə işləri aparılmalıdır.

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına “İzotop” xüsusi kombinatı tərəfindən hazırlanmış “İşğaldan azad olunmuş ərazilərdə radioekoloji təhlükəli mənbələr” və “Radiasiya təhlükəsizliyi üzrə təlimat” kitabçaları paylanılıb.