Ev sahibliyi Dublindən alınıb bu şəhərə verildi

Ev sahibliyi Dublindən alınıb bu şəhərə verildi
Oxunma sayı: 2049

İrlandiyanın paytaxtı Dublin Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılıb.

"Qafqazinfo" Polşanın Polsat Sport nəşrinə istinadən xəbər verir ki, Dublində keçirilməli olan Polşa - Slovakiya (14 iyun) və Slovakiya - İsveç (23 iyun) görüşləri Rusiyanın Sankt-Peterburq şəhərində olacaq. Sankt-Peterburqun təşkilat komitəsinin UEFA-nın bu qərarına hazır olduğu bildirilirb. Aprelin 23-də bununla bağlı rəsmi açıqlama veriləcəyi vurğulanıb.

Beləliklə, Rusiya şəhərində ümumilikdə 5 oyun keçiriləcək.

Dublinin azarkeş təminatı vermədiyi üçün UEFA bu qərara gəlib. Eyni səbəbdən bundan əvvəl İspaniyanın Bilbao şəhərinin də Avro-2020-yə ev sahibliyi etməyəcəyi dəqiqləşib.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. UEFA-ya azarkeşlərlə bağlı təminat verən Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək.