“Əsgərim snayperlə çənəsindən vuruldu, amma...” - Füzulini azad edənlər danışır+Video

“Əsgərim snayperlə çənəsindən vuruldu, amma...”
Oxunma sayı: 4900

Bu gün Füzuli şəhərinin 27 illik işğaldan azad edilməsinin ilk ilidir. Həmin Füzuli şəhəri ki, elə 27 il ərzində düşmən tərəfindən çox güclü formada müdafiə xətləri ilə möhkəmləndirilmişdi. Ermənilərin “keçilməz sədd” adlandırdıqları müdafiə xəttini Azərbaycan Ordusu darmadağın edərək özünə məxsus olan torpağı geri qaytardı.

“Qafqazinfo”nun əməkdaşları Müdafiə Nazirliyinin təşkil etdiyi mediaturda iştirak edərək Füzuli şəhərindən reportaj hazırlayıb. Bu səfər zamanı Füzulini işğaldan azad edən qoşun növləri və ilk hücumu həyata keçirən, şəhərə ilk ayaq basan Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri də bizimlədir. 

XTQ üzvləri dağlardan keçərək Füzuli şəhərinə necə daxil olduqlarını, daş karxanası deyilən yerdə gedən gərgin döyüş əməliyyatından və düşmənin müqavimətinin qırılması haqda bir il öncəki xatirələrini bölüşürlər.

XTQ üzvü bildirir ki, ermənilərin 30 ilə yaxın müddət ərzində qurduğu müdafiə xəttini 4 saata məhv ediblər. 

Vətən Müharibəsi iştirakçısı, qazi Ramil Sıraclı qeyd edir ki, piyada qoşunlarına daxil olan bölüyə rəhbərlik edərək Füzuli şəhəri istiqamətində yüksəkliklərin alınması uğrunda döyüşüblər.

Hərbi ekspert Ruslan İmamquliyev bildirir ki, Şuşaya gedən ən qısa yol Füzuli şəhərindən keçdiyi üçün bu ərazinin azad edilməsi döyüşlərin gedişatında xüsusi əhəmiyyət kəbs edib: 

“Normal şərtlərdə 3 eşolonlu müdafiə rayonları olması gərək yerlərdə biz 4-5 eşolonlu müdafiə xətləri ilə rastlaşırdıq. Tank xəndəkləri və müasir standartlarda bunkerlərin olması düşmənə müəyyən qədər rahatlıq verirdi. Düşmən bu cür hazırlığın qarşısında bizim ordumuzun bu cür qətiyyətli müdafiəsini tez bir zamanda yarıb keçəcəyini gözləmirdi.

Bundan sonra artıq düşməndə fərarilik halları müşahidə olunmağa başladı. Bütün istiqamətlərdə bu cür təmas vəziyyətinə keçilməsi qarşılığında düşmən heç bir şəkildə öz gücünü mərkəzləşdirə bilmədi. Diviziyaların ehtiyatlarını tətbiq etməkdə artıq canlı qüvvə olaraq tükənmiş bir düşmən idi. Şuşanın azad edilməsi ilə tükənmiş düşmənin mənəvi-psixoloji vəziyyəti darmadağın edildi və təslim aktına imza atmağa razılıq verdi”.

Bu gün artıq Füzuli şəhəri azaddır. Ali Baş Komandan İlham Əliyevin nəzarəti altında şəhərin Baş planı hazırlanır və layihə qəbul edildikdən sonra böyük ölçüdə abadlıq işlərinə başlanacaq. Əslində düşmənin 30 illik barbarlığı nəticəsində Füzulidə abadlaşdırılası bir tikili belə qalmayıb. Azərbaycan dövləti, Azərbaycan xalqı Füzuli şəhərini, rayonun kəndlərini yenidən quracaq, yenidən yaradacaq. 

Minaların təmizlənməsinin ardınca başlanan yaradılış prosesindən sonra Azərbaycan xalqı, Füzuli camaatı yenidən bu şəhərdə, bu rayonun kəndlərində yaşamağa başlayacaq.

Murad Əhməd
Video: Pərvin Zeynal