Ermənistanda matəm elan olundu

Ermənistanda matəm elan olundu
Oxunma sayı: 5206

“Surmalu” ticarət mərkəzində baş vermiş faciə ilə əlaqədar Ermənistanda avqustun 17-18-də iki günlük matəm elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. 

“2022-ci il avqustun 14-də “İrəvan Konserv Zavodu” QSC-nin ərazisində baş vermiş yanğın və partlayış nəticəsində həlak olan vətəndaşların xatirəsinə 2022-ci il avqustun 17 və 18-də Ermənistan ərazisində matəm elan edilsin”, - erməni Baş nazir Nikol Paşinyanın imzaladığı qərarda deyilir.

Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 16 nəfər ölüb, 3 nəfər itkin düşüb, 62 nəfər xəsarət alıb, 7 nəfər müxtəlif tibb məntəqələrində müalicə olunur.