Ermənistan parlamentində Türkiyə ilə görüşə göndərilən Rubinyana görə mübahisə - Video

Ermənistan parlamentində Türkiyə ilə görüşə göndərilən Rubinyana görə mübahisə
Oxunma sayı: 2779

“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşü zamanı Türkiyə nümayəndəsinin avtomobilində ölkəsinin bayrağı olduğu halda, Ermənistan nümayəndəsinin maşınında bayraq olmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistan parlamentinin bu gün keçirilən iclasında “Ermənistan” fraksiyasından olan millət vəkili Qeqam Manukyan deyib.

Parlamentin vitse-spikeri və Ermənistanın Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndəsi Ruben Rubinyana müraciət edən Manukyan bunları deyib: “Protokol deyə bir anlayış var və bu protokola riayət etməyə görə maaş alan XİN var”.

“Ermənistan” fraksiyasının katibi Arçvik Minasyan da Rubinyanı protokol qaydalarını pozmaqda günahlandırıb.

Parlamentin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndəsi R. Rubinyan isə cavab olaraq müxalif deputatlara xəbərdarlıq edib ki, onu Türkiyə tərəfi ilə danışıqlarda ittiham etməyə davam edərlərsə, buna səbr nümayiş etdirməyəcək. O, bütün bu kimi iddiaları əsassız adlandırıb və cavab addımları ata biləcəyini qeyd edib.

“Ermənistan” fraksiyasının nümayəndəsi Aqnessa Xamoyan bir müddət əvvəl Rubinyanın Türkiyədə təcrübə keçdiyini və araşdırma apardığını bildirib.

Daha sonra o, müavini Akop Arşakyanın çıxışı zamanı müxalifətlə iqtidaryönlü deputatlar arasında yaranan mübahisəyə görə iclası yarımçıq dayandırıb.

Rubinyan “Ermənistan” fraksiyasından olan deputat Ripsime Stambulyana irad bildirərək müxalifəti sakitləşməyə çağırıb və “nə istəyirəmsə, edə bilərəm” deyə bildirib. Cavab olaraq isə “bacarmazsan” cavabını eşidib. Mübahisə davam etdiyi üçün vitse-spiker fasilə verməli olub.

Xatırladaq ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında ilk görüş yanvarın 14-ü Moskvada keçirilib.