Ermənistan Laçın dəhlizinə alternativ yolun inşasına əlavə vəsait ayırdı

Ermənistan Laçın dəhlizinə alternativ yolun inşasına əlavə vəsait ayırdı
Oxunma sayı: 927

Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin inşasına əlavə olaraq 8,5 milyard dram (təqribən 20,7 milyon dollar) ayrılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə qərarı Ermənistan hökuməti verib. 

Məlumata görə, sözügedən vəsaitlərin 5,5 milyard dramdan çoxu tikinti işlərinə, 54 milyonu texniki nəzarətə, geri qalan vəsait isə digər işlərə sərf olunacaq.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Laçın dəhlizinin Azərbaycandan keçən hissəsində aparılan tikinti işləri yekunlaşıb.

Xatırladaq ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.