Ermənilər Şahin Mustafayevdən yazır...

Ermənilər Şahin Mustafayevdən yazır...
Oxunma sayı: 17022

Xəbər verdiyimiz kimi, Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Komissiyaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rəhbərlik edəcək. Ermənistan tərəfindən isə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan bu vəzifəni icra edəcək.

“Qafqazinfo”nun xəbərinə görə, Şahin Mustafayevin bu vəzifəyə təyinatından sonra Ermənistan mediasında onun kimliyi barədə məlumatlar dərc olunmağa başlayıb.

Belə ki, “Hraparak” qəzeti yazır ki, Şahin Mustafayev Ermənistanda doğulub və burada təhsil alıb. Bildirilir ki, Mustafayevlər ailəsi Noyemberyan rayonunun Cucevan kəndində yaşayan yeganə azərbaycanlı ailə olub.

“Şahin Mustafayevin atası Cucevana Azərbaycan kəndlərinin birindən köçüb və mal-qara saxlamaqla məşğul olub. Şahin 1965-ci ildə Ermənistanda anadan olub. 8-ci sinfə qədər kənd məktəbində oxuyub, 9 və 10-cu sinifləri isə Noyemberyanın 2 nömrəli məktəbində təhsil alıb. O, erməni dilində sərbəst danışır, Ermənistan tarixini və diasporunu yaxşı bilir”, - deyə məlumatda qeyd olunub.

Maraqlıdır ki, Ermənistanda fəaliyyət göstərən daha bir media qurumu “Civilnet” 2014-cü ilin fevralında Şahin Mustafayevin Cucevanda yaşadığı dövrlə bağlı “Qızıl medalçı: Şahin Mustafayev” adlı sənədli film hazırlayıb. 2021-ci ildə isə “Caucasus Talks” yutub kanalı sözügedən videomaterialı Azərbaycan dilində titrlə yayımlayıb. Bu filmdə də keçmiş iqtisadiyyat naziri Ş. Mustafayevin təhsili, şəxsi həyatı, hərbi xidmətdə olduğu dövr barədə məlumatlar yer alıb. Qeyd olunur ki, sözügedən kənddə Şahin Mustafayev və ailəsi ilə bağlı xoş xatirələr qalıb.