Elm xadimləri Şuşada diaspor gəncləri ilə görüşdü

Elm xadimləri Şuşada diaspor gəncləri ilə görüşdü
Oxunma sayı: 735

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində “Azərbaycanın müstəqillik tarixi” mövzusunda məruzə ilə çıxış edən elm xadimləri təəssüratlarını bölüşüblər.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin deputatı Musa Qasımlı 50 ölkədən 115 gəncin qatıldığı düşərgəni Diasporla İş üzrə Dövlət Komitəsinin möhtəşəm layihəsi adlandırıb: “Bu qədər azərbaycanlı və dost xalqların nümayəndəsi olan gəncin ruhumuzun şəhəri olan Şuşada bir araya gəlməsi, burada Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, eləcə də Azərbaycanın daxili və xarici siyasəti barədə mühazirələri dinləməsi bir tərəfdən onların Azərbaycanı yaxından tanımasına imkan verir, digər tərəfdən isə dünya azərbaycanlılarının birliyi yolunda atılmış çox ciddi addımdır”.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Tohidi isə bildirib ki, artıq ikinci dəfədir Komitə tərəfindən təşkil olunan yay düşərgələrində gənclərlə görüşür.

Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub. Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır.

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.