“Əlilliyə görə verilən pensiyalarda heç bir azalma yoxdur”

“Əlilliyə görə verilən pensiyalarda heç bir azalma yoxdur”
Oxunma sayı: 2152

Sosial şəbəkələrdə əlillərə verilən pensiyaların azalmasıyla bağlı məlumatlar yayılıb. Vətəndaşlar əlilliyə görə verilən pensiyaların bu ilin yanvar ayından etibarən azaldığını yazırlar. 

“Qafqazinfo” yaranmış problemə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbovla əlaqə saxlayıb. O bildirib ki, əlilliyə görə verilən pensiyalarda heç bir azalma yoxdur, əksinə artım var. 

“Əvvəllər I qrup gözdən əlillərin və I qrup müharibə əlillərinin pensiyalarına 22 manat əlavə olunurdu. Bunun əvəzinə dövlət başçısının fərmanıyla təqaüd təsis edilib. Pensiyalar hər ayın 20-dək, təqaüd isə ayın sonunda ödənilir. Pensiyaya əlavəni görmədiklərinə görə və təqaüd də ayın sonu verildiyinə görə bəzi şəxslər anlaşılmazlıq yaşayıblar. Həmin şəxslər ayın sonunda təqaüdü alanda artımı görəcəklər. Əlilliyə görə verilən pensiyalarda heç bir azalma yoxdur, əksinə artım var”

Nazirlik rəsmisi həmçinin bildirib ki, bu ilin əvvəlindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüdündə ciddi artımlar edilib. Eyni zamanda yeni sosial dəstək paketi çərçivəsində I dərəcə əlilliyi olan şəxslərin sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılıb. Belə ki, indiyədək I dərəcə əlilliyi olan şəxslərin pensiyasının üzərinə 22 manat əlavə olunmaqla verilirdi. 2021-ci ilin əvvəlindən bu əlavə ləğv olunsa da, əvəzində ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə verilən təqaüd 100 manatdan 130 manata, müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə isə 250 manatdan 400 manata çatdırılıb. 

Gülnar Əliyeva