Əlillik alması üçün saxta sənəd verən həkimlərin məhkəməsi başlayır

Əlillik alması üçün saxta sənəd verən həkimlərin məhkəməsi başlayır
Oxunma sayı: 856

2021-ci il ərzində müxtəlif tibb müəssisələrinin həkim məsləhət komissiyalarının üzvləri tərəfindən ayrı-ayrı şəxslərə müvafiq əlillik dərəcələrinin verilməsi məqsədi ilə təyin edilmiş diaqnozların saxtalaşdırılması faktları əsasında başlanan cinayət işlərinin ibtidai istintaqı yekunlaşıb.

Baş prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, həmin işlər üzrə aparılmış istintaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-in 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvləri Mehparə Məmmədova və Könül Sultanova Komissiyaya müraciət etmiş şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada rəsmi elektron informasiya resursuna daxil edib.

Hər iki vəzifəli şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işləri aidiyyəti üzrə məhkəməyə göndərilib.