Deputat şəhid anasının “uşaq pulu” ilə bağlı təklifindən danışdı

Deputat şəhid anasının “uşaq pulu” ilə bağlı təklifindən danışdı
Oxunma sayı: 2396

Xəbər verdiyimiz kimi, bu günlərdə şəhid Ruslan Abbasovun il mərasimində şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova tədbirdə iştirak edən Milli Məclisin deputatı Aydın Hüseynova müraciət edərək övladını çətinliklə böyüdən ailələrə "uşaq pulu" verilməsini təklif edib. 

“Qafqazinfo" qeyd edilən məsələ ilə bağlı deputat A. Hüseynovla əlaqə saxlayıb. O bildirib ki, tədbirdə şəhid anasına söz verib ki, bu təklifi aidiyyəti üzrə hökumət qarşısında qaldıracaq: “Bununla bağlı aidiyyəti icra orqanları ilə təhlillər aparmaq lazımdır. Ölkədə mərhələ-mərhələ sosial paketlər həyata keçirilir. Bilirsiniz ki, ölkə prezidentinin sərəncamı ilə əməkhaqları, təqaüdlər artırılıb.

“Uşaq pulu” məsələsi də artıq bir sosial sifarişə çevrilib. Buna görə də bu istiqamətdə hökumətin addımları olacaq. Vətəndaşlarımız da bilsin ki, burada əsas məsələ bizim büdcəmizin formalaşmasıdır. Bu büdcə “uşaq pulu” adı ilə, yaxud müavinət adı ilə formalaşa bilər. Sadəcə bizdə belə düşünürlər ki, verilən vəsaitin adı mütləq “uşaq pulu” olmalıdır. Ancaq bu məsələlərə biganə qalınmayacaq, yardım ünvanlı olmalıdır. Birinci növbədə, həssas təbəqənin qayğıları əhatə olunmalıdır. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına ünvanlı şəkildə sosial qayğı artırılmalıdır”.

Qeyd edək ki, il mərasimində çıxış edən şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova övladını böyüdən zaman yaşadığı çətinlikləri dilə gətirib: 

“Şəxsən mən müəllimə idim, işləyirdim, yoldaşım da müəllim idi, amma övladımı çox çətinliklə böyütmüşdüm. Amma elə ailələr var ki, orada analar işləmir, atalar xəstədir, nəsə problemi var. Bizdən keçdi, heç olmasa, cavan analara uşaq pulu ayrılsın. Çox yox, heç olmasa 30,40, 50, 60 manat... Heç olmasa uşağının südünü ala bilsin. Dövlətimizdən xahiş edirəm, gənc analara dəstək olun, uşaq pulu verin. Mən yorğan-döşəyimin üzünü, astarını satmışam, yununu satmışam, qulağımın sırğasını satmışam, övlad böyütmüşəm. Dövlət vaxtında mənə dəstək olmadı, yerdə qalanlara dəstək olsun, bu qazilərimizə dəstək olsun. Bunu istəyirəm. Çünki vətənin ən dar, çətin günündə o kasıb balalar ayağa qalxır”.

Xatırladaq ki, "uşaq pulu"nun bərpa olunması ilə bağlı müxtəlif vaxtlarda həm ictimai şəxslər, həm də deputatlar səviyyəsində bir çox təkliflər hökumətin diqqətinə çatdırılıb. 

Günel Türksoy