Çində koronavirusla bağlı vəziyyət pisləşir - 101 stansiya bağlandı

Çində koronavirusla bağlı vəziyyət pisləşir
Oxunma sayı: 3584

Çində koronavirusa yoluxma hallarının yenidən artması fonunda Pekində ümumilikdə 101 metrostansiyasının işi dayandırılıb. 

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, paytaxtın əsas olaraq Fanşan, Şunyi, Çaoyan, Haydyan, Fentay, Tunçjou və digər bölgələrində metrostansiyaları öz fəaliyyətini dayandırıb. 

Qeyd edək ki, COVID-19-a yoluxma halları artdığından Pekin bələdiyyəsi mayın 4-ü paytaxtda 64 metrostansiyasının işinin dayandırıldığını açıqlayıb. Mayın 12-si isə bağlanan stansiyaların sayı 92-yə çatıb. Ümumilikdə Pekin metrosunda 459 stansiya mövcuddur. 

Xatırladaq ki, aprelin 22-dən etibarən Pekində 1100-dən çox yoluxma halı aşkar olunub. Şəhərdə uşaq bağçaları, məktəblər onlayn qaydada fəaliyyət göstərir. Mayın 16-dan 18-nə qədər şəhərin 12 bölgəsində əhalidən kütləvi olaraq koronavirus testi götürüləcək.