Çində istilərə görə “qırmızı” xəbərdarlıq elan edildi

Çində istilərə görə “qırmızı” xəbərdarlıq elan edildi
Oxunma sayı: 880

Çinin bəzi bölgələrində havanın həddindən artıq isti keçməsinə görə bu il ilk dəfə olaraq “qırmızı” xəbərdarlıq elan edilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Çinin Milli Meteorologiya Mərkəzi məlumat yayıb.  

Bildirilib ki, ölkənin bir çox şəhərlərində havanın temperaturu 40-42 dərəcəyə yüksəlib, hətta bəzi bölgələrdə 42 dərəcədən də çox olacağı gözlənilir.

Havaların isti keçməsi ilə əlaqədar bu il ilk dəfə “qırmızı” xəbərdarlıq elan edən meteoroloqlar əhaliyə günün isti saatlarında küçəyə çıxmamağı, açıq havada işləyənlərə tez-tez fasilə verməyi tövsiyə edib.

Həmçinin elektrik şəbəkələrində və transformatorlarda baş verə biləcək həddindən artıq yüklənmə səbəbindən nasazlıqlara və yanğınlara qarşı diqqətli olmaq barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, “qırmızı” xəbərdarlıq Çinin 4 dərəcəli isti hava xəbərdarlığı sistemində ən yüksək səviyyədir.