“Bu səbəbdən ötən 7 ayda çörəyin qiyməti qorunub saxlanılırdı”

“Bu səbəbdən ötən 7 ayda çörəyin qiyməti qorunub saxlanılırdı”
Oxunma sayı: 4221

“Niyə Ərzaqlıq buğdanın qiyməti son 20 ilin rekord həddinə çatanda, Azərbaycanda unun və çörəyin qiyməti qalxmadı, amma indi unun qiymətinin artması barədə gözləntilər çoxalıb?”

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov öz feysbuk səhifəsində yazıb. 

O qeyd edib ki, aprelin 31-də dünya birjalarında 1 ton ərzaqlıq buğdanın qiyməti 403 ABŞ dollarına idi. Həmin vaxt nə unun, nə də çörəyin qiyməti qalxmadı. Amma avqust ayının 1-nə olan buğda qiymətləri 328 dollar təşkil edib. Göründüyü kimi son 3 ayda (may, iyun, iyul) aylarında ərzaqlıq buğdanın qiyməti 19% azalıb: “Onda sual yaranır niyə aprel-may aylarında buğda qiymətləri indiki qiymətin 122%-i olduğu zaman qiymət artmadı, amma indi artım qaçılmaz olub? Bununla bağlı rəsmi münasibət (dəqiq izah) olmadığı üçün biz son 8 ayın vəziyyətini təhlil edərək, səbəb haqqında məntiqi nəticəyə gələ bilərik. 

Gəlin bu ilin yanvarına baxaq. Yanvar ayında baş verənlərə diqqət etsək görərik ki əsas səbəblər məhz bu ayda baş verənlərdən çox asılıdır. Belə ki, 2022-ci ilin yanvar ayında artıq çörəyin qiyməti qalxdı. Üstündən cəmi 2 ay keçdikdən sonra buğdanın qiyməti maksimuma (403 $) qalxıb deyə yenidən unun və ya çörəyin qiymətinin qaldırmaq ciddi yanlışlıq olardı. Buna görə də nə un 403 dollar olanda, nə də 380 olanda qiymət artımı söhbət mövzusu olmadı”.

Ekspert əlavə edib ki, həm də bu aylarda Azərbaycanda çörəyin qiymətinin qalxmamasına daha bir amil ciddi kömək etdi. Bu amil taxıl ehtiyatı amili idi. Azərbaycan bu ilin yanvarında heç vaxt etmədiyi qədər taxıl idxal edib: “Hətta 2021-ci ilin eyni dövrü ilə müqayisədə ölkəmizə 4 dəfə çox taxıl idxal olunub (2021-ci ilin yanvar-noyabr aylarında isə ölkəyə 1 milyon tondan çox buğda gətirilib). Görünür ölkə rəhbərliyi və aidiyyəti subyektlər müharibə ehtimalını artıq proqnoz edib və ərzaq təhlükəsizliyi üçün qabaqlayıcı tədbir kimi müharibədən əvvəlki ayda 300% artıq idxal əməliyyatı həyata keçirilib. Düşünürəm ki, həm yanvardakı qiymət artımı, həm də 4 dəfə artıq tədarükün olması ötən 7 ay ərzində çörəyin qiymətinin qorunub saxlanılmasına imkan verib. İndi isə şərtlər dəyişir. Ehtiyatlar işləndikcə, yenidən idxalı artırmaq lazımdır. Hazırda dünyada taxıl bazarındakı vəziyyət isə ilin əvvəli ilə müqayisdə çox bahalaşıb. Bu isə yenidən unun qiymətinin sabit saxlanılması üçün əlavə vəsaitlərin xərclənməsini tələb edir”. 

E. Əmirov əlavə edib ki, ərzaqlıq buğdanın qiymətinin qalxacağı halda çörəyin qiymətinin sabit saxlanılması üçün səmərəli yol un istehsalçılarına yeni subsidiyaların verilməsidir. Bu yol hazırkı vəziyyətdə həm sahibkarların fəaliyyətinin dəstəklənməsi, həm də çörəyin qiymətinin stabil saxlanılması üçün ən sadə yoldur. Digər ikinci yol isə un istehsalçılarına yeni subsidiyalar vermədən, "bazar iqtisadiyyatıdır" deyib prosesi öz axarına buraxmaqdır. Bu zaman artımın mənfi təsirləri insanların üzərinə düşəcək. Amma üçüncü yol da var. Bu yol çörək və unun qiymətində artım olduğu zaman insanların gəlirlərinin buna uyğunlaşdırılmasıdır. Onsuz da inflyasiya insanların gəlirlərini yeməkdə davam edir. Digər xərcləri azaltmaqla gəlirlərə uyğunlaşdırmaq nəzəri cəhətdən mümkündür və insanlar belə də edir. Amma söhbət çörəkdən gedəndə bu nəzəriyyə özünü doğrultmur. Çörəyə qənaət olmur. Bunu mütləq nəzərə almaq lazımdır. Hər halda bunun üçün maliyyə imkanlarımız vardır. "İqtisasiyyata əlavə pul buraxılsa inflyasiya sürətlənəcək" düşüncəsi isə belə hallar üçün keçərli deyil, yanlışdır”. 

İqtisadçı əlavə edib ki, bu səbəbdən heç olmasa, gəlirləri aşağı olan ailələrin, aztəminatlı ailələrin və sosial cəhətdən həssas qrupdan olan insanların maddi dəstəklənməsinə ciddi ehtiyac yaranacaq.