Bu müəllimin hazırlaşdırdığı 50 şagird olimpiadada yer tutub - Video

Bu müəllimin hazırlaşdırdığı 50 şagird olimpiadada yer tutub
Oxunma sayı: 5022

“Axşam yoldan keçəndə məktəbin pəncərəsinə baxırıq, əgər bir otağın işığı yanırsa, deməli, Seyran müəllim hələ də dərs deyir”.

Adı mətbuata yad olmasa da, çoxu onu “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsindən sonra daha yaxşı tanıdı. 

Riyaziyyatdan sualların yarıdan çoxunu düzgün cavablandıran müəllimlərin faizinin 1, kimyadan 5, fizikadan 6 olduğu müsabiqədə Seyran müəllim 92%-lik nəticə ilə 180 müəllimin içində ikinci olmuşdu. Müsahibə əsnasında onu da öyrəndik ki, birinci yeri tutan da elə onun öz müəllimi Sevda xanım olub.

Bu zaman hamı üçün bir sual maraqlı idi - Bu cür savadlı müəllim niyə hansısa məşhur liseydə yox, Neftçalanın qəzalı vəziyyətdə olan kənd məktəbində dərs deyir?

Həmin zaman sualımıza cavab tapa bilməsək də, bu dəfə müəllimi razı sala bildik. “Qafqazinfo” olaraq, Beynəlxalq Müəllimlər Günü ilə bağlı (2005-ci ildə) ölkədə ən gənc yaşda Əməkdar müəllim adını almış Seyran Səfərovun yanına - Neftçala rayon Xıllı qəsəbə 1 saylı tam orta məktəbinə yollandıq. 

Xoşbəxtlikdən səfər zamanı Seyran müəllimin həm ilk şagirdi, həm müəllimi, həm də qızıl medal qazanmış hazırkı şagirdləri və onların valideynləri ilə söhbətləşmək imkanımız oldu. Hər kəsin dediyini ümumiləşdirsək, müəllim haqqında bu cümləni qurmaq olar: “Həftənin günündən, qışın soyuğundan asılı olmayaraq, şam işığında təmənnasız olaraq şagirdləri ilə hazırlaşan bir müəllim-əsl müəllim”.

Seyran Səfərov 1970-ci ildə Neftçalanın Xıllı qəsəbəsində anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən sonra Xıllı qəsəbəsinə müəllim kimi təyinat alıb. Elə o vaxtdan da bu məktəbdə fəaliyyətini davam etdirir. 

- Şagirdləriniz deyir ki, onlarda fizikaya marağı siz yaratmısız, bəs sizdə maraq hardandır?

- Əslində, o da taleyin bir qismətidir. Əvvəllər fizikanı adi fənn kimi keçirdik, oxuyub lövhədə danışıb, qiymət alırdıq. Ancaq Sevda müəllim gələndən sonra hər şey tamam dəyişdi. Finlandların bir sözü var: “Təhsilin səviyyəsi müəllimin səviyyəsindən yüksək ola bilməz”. Sevda müəllim böyük həvəslə gəlmişdi və gələn kimi də kimin başı var idisə, işğal elədi. Mən həkim olmaq istəyirdim, ancaq müəllimim sayəsində fizikaya vuruldum. Çox çalışdıq və beləliklə 1985-ci ildə fizika üzrə olimpiadanın qalibi oldum. 

Fotoda: Solda Seyran Səfərov, ən sağda isə Sevda müəllim. 1985 - Səfərovun Bakıda olimpiada qalibi olduğu il. 

- Maraqlıdır ki, bayaq söhbətləşdiyim şagirdiniz də elə bu cümləni qurdu. Dedi ki, onu həkim olmağa qoymamısız. 

- Müəllimimin cızdığı yolla gedirəm, belə deyək. O gecə saatlarına kimi məni hazırlaşdırıb fəhlə avtobusu ilə qonşu kəndə evinə gedirdi. Soyuğa, çətinliklərə baxmayaraq necə əzmlə çalışdığını, bayram günlərində belə məni özü ilə evinə aparıb məsələ həll etdiyimizi görmüşəm. Ona görə bugünkü çətinliklər mənə elə də böyük görünmür.

Arzum Moskva Dövlət Universitetində oxumaq idi. Ancaq keçid dövrünə düşdü, anam, qardaşım xəstələndi sənədlərimi verə bilmədim. Elə oldu ki, mənim Moskva xəyallarım ürəyimdə qaldı. Maraqlıdır ki, elə fəaliyyətimin ilk illərində hazırlaşdırdığım, üçqat olimpiada qalibi olan Ataş Ələkbərov həmin universitetə qəbul oldu. Hazırda Ataş professordur və Moskva Dövlət Universitetində dərs deyir. O, mənim arzumu belə həyata keçirdi. O gedəndə nisbətən təsəlli tapdım ki, bəlkə də o vaxt gedə bilməməyimin səbəbi elə Ataş imiş? Onlar da deyir ki, “müəllim, biz sizin arzularınızı həyata keçirənlərik”.

Hazırda Moskvada yaşayan Ataş Ələkbərov da müəllimi ilə bağlı düşüncələrini bölüşüb:

“Bu şəkil 99-cu ildən xatirədir. Bir qələbə dadı var. Seyran müəllimin şagirdlərin üstündə çəkdiyi əmək hər il məktəbə gələn medallarla ölçülür. Onun böyüklüyü onun şagirdlərinin həyatdakı uğurlarıdır. Xıllının 20 illik olimpiada hekayəsi onunla bağlıdır və hekayə hələ ki, uğurla davam edir. İnsanlığın xoşbəxtliyidir ki, vətən belə fədakar insanlar üzərində dayanır! Onun şagirdi olmaq mənim üçün tale hədiyyəsidir!”

- Sizdən müsahibə almaq elə də asan olmadı. Təqribən bir ilə yaxındır ki, əlaqə saxlayıram, vaxtınız olmadığını bildirirsiz. Adətən müəllimlərin özü bizə zəng vurur ki, uğurunu işıqlandıraq...

- Albert Eynşteynin bir sözü var: “Müvəffəqiyyət qazanmağa tələsməyin, dəyərli iş görməyə çalışın”. Bu, mənim həyat amalımdır. Onsuz da gördüyümüz işlər gec-tez dəyərləndirilir. Məsələn, 2005-ci ildə əməkdar müəllim adı alanda 35 yaşım var idi. Bəlkə də ölkədə bu adı alan ən gənc müəllim olmuşam. Halbuki 10 il iş stajım var idi. Sonradan öyrəndim ki, bu ad ən azı 20 ildən yuxarı iş təcrübəsi olan müəllimlərə verilir. Heç gözləmirdim. Mükafat alana kimi də bilməmişəm. Fikirləşirdim ki, işlərimə görə qabaqcıl maarif xadimi adı verilər. Ancaq mükafatım açıqlananda hamı təəccübləndi. Ordakılar yaşlı müəllimlər idi. Mükafat almağa çıxanların hamısının qolundan tutub zorla qaldırırdılar ki, mükafatını veririk, get evə, daha işləmə. Məndən soruşurdular ki, bu 10 il ərzində nə etmişəm ki, bu ad verilib?!

Daha izah edə bilmirdim ki, şam, lampa işığında gecəyə kimi uşaqlarla soyuq otaqlarda dərs oxumuşuq. Uşağı gəlib aparmasalar buraxmırdıq. Hətta şagirdimin atası tapşırmışdı ki, az tapşırıq verim, uşaq gecələr yatmır. O vaxt cavan idim. Təsirlərini indi hiss edirəm. Həkim deyir, böyrəyimin biri artıq büzüşüb, belə getsə, sıradan çıxacaq.

Çe Gevaranın da bir misalını çəkmək istəyirəm. Deyir ki, yoruldunsa, istirahət elə. Ancaq belə sən heç vaxt birinci olmayacaqsan. Elmin hüdudu yoxdur. Bataqlıq kimidir, dərinə getdikcə adama daha da ləzzət edir. 2008-2009 və 2014-cü illərdə ilin müəllimi müsabiqəsinə qoşulmuşam və iki dəfə qalib olmuşam.

“Həll elədiyimiz məsələnin maraqlı yerində evdən zəng vururlar ki, toyuqların dəni bitib, dən al. Heç yeridir?”

- Bəs işinizi asanlaşdırmaq üçün təhsil sahəsində nə kimi dəstək istəyərsiz?

- Biz istəyirik ki, burada olimpiada mərkəzi yaradılsın. 20 ildən çoxdur ki, bir məktəbdən çıxış edirik. Hər il eyni məktəbdən olimpiada qalibinin olması elə-belə şey deyil. Kifayət qədər potensiallı uşaqlarımız var. Artıq məktəblər bizim üçün rəqib deyil. Rəqiblərimizi türk liseyləri sayıram. Mən onlarla vuruşmuşam. Liseylərdə olimpiadaya hazırlaşanlar üçün hər cür şərait, professorlar var idi, ancaq qalib biz olurduq. Özlərinə də maraqlı gəlirdi ki, bu necə məktəbdir belə?!

 
Bu günə kimi 6 qrant layihəm qalib olub, ancaq onlar da qısamüddətli olur, ödəniş az verilir. 3-4 aya olimpiadaya hazırlaşmaq olmaz. Bu proses il ərzində və fasiləsiz olmalıdır. Orada elə məsələlər var ki, 15-20 ilin müəllimi zorla yazar.

Nazirlik nümayəndələrinə həmişə demişəm ki, siz bizə normal şərait yaradın, biz də əlavə işləri bir kənara qoyub bu uşaqlara fokslanaq. 3-5 manat xətrinə repetitorluq edirsən... Vallah, hazırlığa gələn uşaqlarla vaxt keçmir, gözümüz saatda qalır. Bu uşaqlarla isə 4-5 saat necə gedir heç bilmirsən. Təəssüf ki, evə də qazanc, çörək pulu lazımdır axı. Biz də uşaq oxuduruq. Ona görə məcbursan ki, uşaq hazırlaşdırasan. Odur ki, axşamlar, gecələr, istirahət günləri bu uşaqlarla oluruq. Onda da səhhətimiz imkan vermir. 

Dəfələrlə atıb getmək istəmişəm, ancaq hər dəfə ondan da betər vəziyyətə salmışam özümü. Daha da qəlizləşdirirəm ki, daha çox uşaqla işləyə bilim:

Seç götür elə bir müqəddəs yol ki,

Dönmək istəsən də, dönə bilməyəsən.

Elə bir zirvəyə qalxıb ucal ki,

Enmək istəsən də enə bilməyəsən.

- Bilirsiz indiyə kimi neçə şagirdiniz olimpiadalarda yer tutub?

- Düzünü desəm, saymamışam, ancaq 50-yə yaxın olar. Hələ qızıl medal alanlarımızın sayı çox olmalı idi. Ancaq o vaxt birinciliyi liseylərə verirdilər. Deyirdilər ki, kənddən gəlib qızıl medalı alsaq, liseylər narazı qalacaq. Fuad Qarayev rəhbər olduqdan sonra obyektivlik yaradıldı. 

Hazırda bir şagirdim Almaniyada “Mercedes” zavodunda işləyir, biri Texniki Universitetin professorudur, biri Polşada, biri Estoniyada, digəri Moskvada və s. Görün dünyaya nə qədər fayda veririk.

İndi universitetlərdə normal müəllim tapa bilmirsən. Hamısı xaricə qaçır. Uşaqlardan soruşuruq ki, müəllimləri sevirsiz? Qızlı-oğlanlı hamı deyir ki, hə! Sonra soruşuruq ki, bəs müəllim olmaq istəyərsizmi? Deyirlər yox! Niyə? Çünki maaş aşağıdır. 500-600-dən yüksək bal toplayanlar deyir ki, bu bal müəllim olmaq üçün heyifdir. Bir səbəbi var. Əziyyəti çoxdur, maaşı azdır. Müəllimin maaşı 2500-3000 olardı, hamı birinci bu ixtisası yazacaqdı. Artıq məktəblərdə kişi müəllim tapılmır, hamısı qadınlardır.

- Bu il tətbiq olunan sistemə əsasən olimpiada qalibləri universitetlərə imtahansız qəbul olmaq şansı qazandılar. Bundan başqa, qaliblərə hansı şanslar yaradılıb və ya yaradılmalıdır ki, uşaqlar bu çətin yolda daha həvəsli olsunlar?

- Yaxşı olar ki, bu uşaqlar nəzarətdə saxlanılsın. Maraqlansınlar ki, hara yerləşdirildilər. Bu uşaqlardan istifadə etmək lazımdır. Olimpiada bilik yarışlarının ən yüksək mərhələsidir.

- Sizi çox insan “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsindəki uğurlu nəticənizdən sonra tanıdı. Hamı üçün belə bir sual yaranmışdı ki, belə güclü müəllim niyə indiyə kimi paytaxtda məşhur məktəb və ya liseylərdə yox, Neftçala rayonunda dərs deyir. Hələ məktəbin vəziyyətini görəndən sonra daha çox çaşqınlıq yarandı.

- Sözügedən müsabiqənin sualları elə-belə deyildi. Müəllimlərin çoxu risk edib qatılmağa çəkindi, adlarından qorxdular. Fikirləşdilər ki, birdən nəticə aşağı olar. İndi həmin müəllimlər ürəklənib, gizlin-gizlin hazırlaşırlar. Nəticələr bütün müəllimləri silkələdi, respublika bildi ki, biz nə gündəyik...

Bakıdan mənə dəvətlər olub. Ancaq deyirlər ki, gəl, öz başını saxla, neynirsən elə. “Gəl Bakıya!” sözü ilə iş bitmir axı. Mən belə bir şey istəmirəm. Təklif etdikləri 400 manat maaş elə mənim yolpulum olacaq. 

- Müsabiqədə digər maraqlı məqam 180 iştirakçı arasında müəlliminizin birinci, sizin isə ikinci yerə layiq görülməyiniz oldu.

- Təsadüf olduğunu deməzdim. Bu, illərin əziyyətinin nəticəsidir.

- Övladınızı da olimpiadaya hazırlaşanlar sırasında görürük. Deyəsən davamçınızdır.

- Davamçı kimi bilmirəm, hələ ki, başı var. Düzünü desəm, onu hazırlaşdırmağa vaxtım olmur. Evə çatanda artıq yatmış olur. İndi qrupa atmışam ki, heç olmasa burada məşğul ola bilim. Yarışda iştirak edib, dördüncülüyü var. Pis deyil, məşğul olsaq, qabağa gedə bilər. Necə deyərlər, aləmi bəzər, özü lüt gəzər. Mənim də öz uşağıma hələ ki, vaxtım yoxdur. 

- Sinifdə qızların sayı azdır. Bayaqdan sadaladığınız şagirdlər arasında da bircə Günay xanımın adını çəkdiz. Bunun səbəbi nədir?

- Mən əvvəllər qızları götürmürdüm. Çünki rejim ağırdır. Qorxurdum ki, bu rejimə dözə bilməzlər. Gecə saatlarına kimi soyuq otaqlarda qalmaq lazım olur, hər gün istirahətsiz oxumaq lazımdır. Qönçə adında bir qız var idi, iki saat gec yatdı, xəstələndi. Anası gəldi ki, amanın günüdür, qızıma dəymə, sonra ələ gəlməz. Mən də əsas sağlamlıqdır deyə, bir söz demədim. Ancaq indi şagirdim Solmaz var, bu tilsimi sındırıb. Olimpiada qalibidir və həqiqətən istedadlıdır. Anladım ki, istedad olandan sonra fərqi yoxdur. Bu günə kimi səhv eləmişəm.

***

Qeyd edək ki, oktyabrın 3-ü Prezident İlham Əliyev Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Səfərov Seyran Əmən oğlunu "Tərəqqi" medalı, müəllimi Əsgərli Sevda Yadulla qızını isə “Əməkdar müəllim” fəxri adı ilə təltif edib.

 
Günel Hacı

Fotolar-Video: Pərvin Zeynal


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi