“Bu görüntünü ömrümün sonunadək yadda saxlayacağam” - Fotolar

“Bu görüntünü ömrümün sonunadək yadda saxlayacağam”
Oxunma sayı: 9312

Bu gün Heydər Əliyev Sarayında “Zəhər tuluğu” filminin premyerası baş tutub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə filmin yaradıcı heyəti, məşhur simalar iştirak edib.

Ekran işinin baş prodüseri, həm də quruluşçu rejissoru Orxan Mərdan bildirib ki, çəkilişlər iki-üç il əvvəl başlasa da, filmin təqdimatı pandemiya səbəbindən gecikib. Mərdan onu da vurğulayıb ki, illər sonra ilk dəfə hansısa film eyni vaxtda Azərbaycandakı bütün kinoteatrlar şəbəkəsində nümayiş olunacaq:

“Dünya kinosunda gördüyünüz kimi bir film istehsal etmişik. Kinoteatrları da barışdırdıq. Bunun uğrunda çox əziyyət çəkmişik. İnşallah, bir daha küsməzlər”.

Filmin baş rol ifaçısı, həmçinin, quruluşçu rejissoru Taleh Yüzbəyov qeyd edib ki, bu günü çoxdan gözləyirdi:

“Bu görüntünü (səhnədən dolu tamaşaçı zalına doğru - red.) ömrümün sonunadək yadda saxlayacağam. Həyatımda yeni mərhələ başlayır. Qayğıkeş övlad, diqqətli ər deyiləm, çünki bu işi sevirəm və ömrümün qalan hissəsini də bu işə həsr edəcəyəm. Bir arzum var, ona doğru gedirəm”.

Qeyd edək ki, filmin ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.

Sosial platformalarda geniş müzakirələrə səbəb olmuş və tamaşıçılar tərəfindən çox bəyənilmiş “Zəhər tuluğu” silsiləsinin qəhrəmanı Adili (Taleh Yüzbəyov) tamaşaçılar bu dəfə fərqli obrazda görəcək.

Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, Xalq artisti Səidə Quliyeva, Tural Əhməd, Əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, Əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıb.

Hüseyn Məmmədsalahov

Fotolar: Müzəffər İsmayılov