Brakonyerlər 6800 manat məbləğində cərimələndi

Brakonyerlər 6800 manat məbləğində cərimələndi
Oxunma sayı: 1293

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində, Ağcabədi rayonunun daxili su hövzələrində, Mingəçevir, Şəmkir su anbarlarında, Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bunu "Qafqazinfo"ya Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini İslam Məmmədov, Lənkəran rayon sakini Bəxtiyar Rəhimov, Astara rayon sakini Rafiq Dadaşov və Siyəzən rayon sakini Zəka Ələsgərov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb”, - Məhəmmədov deyib. 

B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 720 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Xidmət rəsmisi onu da qeyd edib ki, ayrı-ayrı rayonların inzibati ərazisində isə qanunsuz ov edən İmişli şəhər sakini Taleh Baxışəliyev, Siyəzən şəhər sakini Samir Mürsəlov, Yardımlı rayon sakinləri Nahid Səmədov və Əzim Əzimov saxlanılıb:

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və brakonyerlər ümumilikdə 6800 manat məbləğində cərimələnib”.