BMT Putini Qara dənizdə limanları açmağa çağırdı

BMT Putini Qara dənizdə limanları açmağa çağırdı
Oxunma sayı: 769

BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bizli Rusiya Prezidenti Vladimir Putini qlobal fəlakətin qarşısını almaq üçün Qara dənizdə Ukrayna limanlarını açmağa çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bizli müraciətində deyib: 

"Bu limanlar bağlandığı üçün dünyada milyonlarla insan öləcək. Əgər Ukrayna ilə münasibətinizdən asılı olmayaraq dünyaya simpatiyanız varsa, bu limanları açmalısınız". 

O deyib ki, Ukrayna digər dövlətlərin ehtiyac duyduğu buğda da daxil olmaqla, kənd təsərrüfatı məhsulları üçün həyati əhəmiyyətli ehtiyatlara malikdir. Eyni zamanda o vurğulayıb ki, limanlar 60 gün ərzində açılmalıdır, əks halda kənd təsərrüfatına yönəlmiş Ukrayna iqtisadiyyatı iflasa uğrayacaq.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok 25 milyon ton taxılın Ukrayna limanlarında bloklandığını və ixrac edilə bilməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, Ukrayna böhranı qlobal xarakter alıb və bu, ilk növbədə ölkədən taxıl ixracının mümkün olmaması ilə bağlıdır.

Beynəlxalq Taxıl Şurasının (IGC) məlumatına görə, müharibədən əvvəl Ukrayna dünyanın dördüncü ən böyük qarğıdalı istehsalçısı və altıncı ən böyük buğda tədarükçüsü idi.