Su...
Yəqin ki, yer üzündə bu iki hərfli sözdən əzəmətli bir şey yoxdur. İnsan susuzluqdan qorxduğu qədər heç havasızlıqdan qorxmur. Bəlkə də havasızlıq insana ani ölüm vəd edir, bu ani ölümün siması dəhşətli deyil. Susuzluğun məşəqqəti misilsizdir. Ya da biz az da olsa, susuz qalmışıq, havasız yox. Burdan tanıyırıq susuzluğun cəhənnəm nəfəsini.
Susuzluğun şəkli alov dilimlərinə oxşayır. Dolayısı yolla cəhənnəmə.
Fikir verin, bizə bu dünyada ən vacib olan nemətlər havayıdır: hava, su. Ən bahalı olan şey isə bizə heç vaxt lazım olmayandır: qızıl.
İnsan ədalətinin kiçik modeli elə bu müqayisə üzərində bilinir. İnsan olduqca qədirbilməz, harın varlıqdır. O qədər harın ki, yaratdığı dildə müftə sözünə sinonim olan “havayı” sözü hava sözündədir. Ciyərinə çəkə bilməsə bir neçə saniyə sonra öləcəyi bir nemətin adını küllən müftə nəsnələrə verib. Bəlkə də Allah ona görə bizdən nihandır, yoxsa ona da hörmətimiz suya, havaya olduğu qədər olardı, o da külliyyatını təmənnasız verdiyi üçün bunu vərdişə çevirib üstündən su içərdik. Necə ki içirik...
Bəli, özünü yaranışın əşrəfi hesab edən insanın tərəzisinə baxanda görürük ki, bizim üçün dəyərli olan şeylər vacib olanlar yox, tapılmayanlardır.
Biz illərlə tapılmayana dəyər verdiyimiz üçün artıq “hava-su kimi lazım olan” şeylər “qızıl kimi” tapılmağa başlayır.
Xülasə, cənablar, içməli su tükənir. Bu dəqiqdir və fəlakət çox uzaqda deyil.
Bəlkə də əksər adamlar bu cümləni tez-tez eşitdiyindən rahat qulaqardı eləyə bilir, ancaq bu cümlələr “buzlaqlar əriyir”, “qütb ayılarının nəsli kəsilir”, “əlvan kələzlər cütləşmə qabiliyyətini itirir” kimi zooloqların əsnəyə-əsnəyə yazdığı və Amerikanın qaralamağa ölkə tapmadığı ara günlərdə BBC-nin bikarçılıqdan tirajladığı mışıl-mışıl informasiyalardan biri deyil.
Ağız boşluğumuza dolduğu anda bu dünyada ondan vacib bir şeyin olmadığını təkrar-təkrar anladığımız nemət - içməli su tükənir!
Bəşəriyyət bu dəhşətin yüzdə birini anlasa, indicə hər şeyin ipini buraxıb ağlayar.
Üç gün əvvəl Qubada idim. “Havadan, sudan danışmaq” deyib gözdən saldığımız, əslində dünyanın ən qüdsi ixtilatı olan təbiət söhbəti edirdik. Kənd adamı dedi ki, 10 il qabaq su kəndimizdə 15-20 metrdən çıxırdı. İndi 80 metrdən dərindədir.
Gəlin, sizi Qubanın ən cənnət kəndlərindən olan Gürdaha aparım, hərçənd bu gün ora cənnət deyəndə “ğəş” etmiş oluram.
15-20 il əvvələ qədər həmin kəndə maşın yolu yox idi. Gürdaha getmək istəyənlər rayonun Yuxarı Xanəgah kəndinə qədər maşınla, sonra atla, piyada gedirdilər. Ardınca kəndə yol çəkildi və bütün yol çəkilən kəndlər kimi Gürdahdakı qüdsi nemətlər də həmin yolla sürətlə enib getdi. 10-15 il əvvəl həmin kəndə gedən cığırların kənarı göz-göz bulaqlar idi. Ötən ildən qalma yarpaqları kənar eləmək bəs edirdi ki, altından diş çatladan qar kimi su dəysin əlinə.
Şəhər uşaqları belə bulaqları ancaq kompüter oyunlarında “can” adıyla görə bilərdilər, oynatdıqları oyuncaq əyilib o canı içər, missiyasına davam edərdi.
Gürdah mənim anamın kəndidir və sonuncu dəfə anamla ora gedəndə dərələrin birində o qədər aşağı-yuxarı getdi, o qədər əliylə sarı yarpaqları eşələdi, bala, buralarda bir bulaq olmalı idi, dedi... Tapmadı.
O axtardıqca mən dəhşətə gəlirdim. Ağır səhnə idi, mən bilirdim o bulaq quruyub. Anamsa, bir zamanlar çarəsizlikdən basdırıb qaçdığı, indi qayıdıb tapmadığı oğlunun məzarını axtardığı kimi axtarırdı bulağı.
Dağlar daşı ətəyindən ona görə tökür ki, bu daşlar çayboyu yumrulansın. Həmin daşlar çay yatağına ilahi ədalətlə səpələnib. O daşlar axar çaylar boyu bir harmoniyada yombalanır.
O daşlar çayların axışını tənzimləyir, suların hansı yerdə nə qədər qalmasına hökm verir. O daşlar o suların hardan qıvrılmlı olduğuna qərar verir, hansı ki, illər sonra yollar bu qıvrıqlarda döngə olur, yollara uyğun kəndlər də bu döngələrə görə qurur “dəngə”lərini.
Bu döngələr talelərə çevrilir, bu döngələr insanları ölümdən, bəzən də oğruları doğru gözdən, ay işığından qoruyur. Bu döngələr taledi...
Biz isə bütün bu gedişata ilahi harmoniyada hökm verən o daşları dəmir bıçaqlar qabağında üyüdür, yük maşınlarına doldurub şəhərlərə daşıyır, dağları şəhərlərdə qaldırıq – göydələnlərin timsalında.
O daşlar yerində qalanda sular qədərində, həm də qədərində axır. Yazda ildırım sürətilə dənizə qovuşub yayda çöllərdə ilanları lalar qoymur.
Biz daşları çaylardan dartıb gətirdikcə, çayları da aşağı dartırıq, çaylar dartındıqca çayların kökləri olan bulaqlar, yeraltı sular dartınır, quruyur...
“Yük əyiləndə, daş qürbətə düşür”.
Qürbətə düşən daşın daşı ağır olur.
Bizim yükümüz əyilib, hər gün Qudyalçaydan, Qusarçaydan və başqa çaylarımızdan tonlarla daş üyüdülüb qürbətə, şəhərə daşınır, heç bir ekoloji tarazlıq gözlənmədən.
Bu daşlar bizi şəhərdə hündürmərtəbəli zindanlarda saxlamaqla işi bitmiş saymayacaq.
Hər ağlamayan bulaq, ağlayan min cüt gözdü.
Yüz səbəbi var içməli suyun tükənməsinə, ancaq fəlakət həm də odur ki, mövzu susuzluq olanda, insanın danışmağı yox, ağlamağı gəlir.
Suya hörmət edək. İçməyək, üzümüzü yumayaq – öpək, alnımıza qoyaq.
Yoxsa, tezliklə dünyanın ən təmiz göstərisi – su sərgisi bitəcək...
Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün