“Biz də çox şey deyə bilərik, amma danışmırıq” - Rəşad Sadıqovdan Obradoviçə cavab

“Biz də çox şey deyə bilərik, amma danışmırıq”
Oxunma sayı: 1956

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyundan (1:1) sonra maraqlı açıqlamaları ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, gənc mütəxəssisin Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviçin uğursuzluğa görə klubları ittiham etməsinə verdiyi cavab gündəm olub.

Sadıqov U-21 yığmamızın baş məşqçisi Milan Obradoviçin “çempionat oyunlarında 21 yaşadək futbolçu limiti 1 yox, 2 olsun” təklifinə belə münasibət bildirib:

“Bu fikirlə qəti razı deyiləm. Biz isə əksinə, təklif edirik ki, 21 yaşadak oyunçu limiti yığışdırılsın, amma komanda sayı artırılsın. Belə olan halda bütün gənclər oynayacaq. Mən çempionatımızda 18 yaşımda debüt etmişəm.Çünki komanda sayı çox idi, regionlarda futbol var idi. Gənclərə də hamı şans verməyə çalışırdı. Bu gün 8 komandalı çempionatda iştirakçıların hamısı avrokuboklara iddialıdırsa, rəhbərlik yalnız nəticə tələb edirsə, məşqçilər də gənclərə az şans verəcək. Obradoviç desəydi ki, komanda sayı artırılmalıdır, daha məntiqəuyğun olardı. Artıq ikinci dəfədir açıqlamasında fiziki cəhətdən problemlə bağlı ifadə istifadə edir. Xüsusən də, Rauf Hüseynlinin adını çəkmişdi. Bu dəfə də Raufu oynatmamaqda fiziki məsələni qabartdı. Bir məqama toxunum. Bəlkə də, bu dəqiqə çempionatda fiziki cəhətdən ən hazırlıqlı futbolçu Raufdur. Birinci təlim-məşq toplanışını “Qarabağ”la, ikinci hazırlıq dönəmini isə bizimlə keçib. Kimsə oynamırsa, yaxşı formada deyilsə, oyunu alınmırsa, bu, təkcə fiziki durumla bağlı deyil. Bu problemlər artıq keçmişdə qaldı. Əvvəllər komandamız 60-70-ci dəqiqədən sonra qol buraxanda bunu həmişə fiziki durumla bağlayırdılar. Rəqib geridə olanda böyük qüvvə ilə irəli atılmalı olur, daha məsuliyyətli və istəkli oynamağa başlayır. Texniki səhv ola bilər və ya komanda hesabda irəlidə olarkən son dəqiqələrdə psixoloji cəhətdən gərginləşə bilər. Min cür səbəblər var. Hər şeyi fiziki durumla bağlamaq 10-15 il əvvəldə qaldı. Artıq müasir futboldur. Raufun fiziki cəhətdən problemi olsaydı, Finlandiya ilə görüşün 86-cı dəqiqəsində qol vura bilməzdi. Hansısa oyunda performansından razı qalmayıbsa, bunu hər zaman fiziki durumla bağlamaq düz deyil. Deyirlər ki, futbolçu üç gün bizimlə olub, daha çox klubda hazırlaşıb. Əslində isə hər milli arada futbolçu 15 gün bizimlə birlikdə olmur. Milli ilə bağlı fasilə də hər ay olur. Necə ola bilər ki, futbolçu 3 gün onlarla, 27 gün bizimlə hazırlaşır? Bu haradan çıxıb? Sadə bir şeydir, təqvimə baxmaq kifayət edər. Başqasının üstünə səhvlər atmaq yaxşı hal deyil. Biz də çox şey deyə bilərik, amma danışmırıq. Ən azı düşünürük ki, həmkarıq, nəsə bir şey olanda dəstəkləməyə çalışırıq. Hər hansısa bir səhvləri, məsələləri qabartmırıq. Xahiş edirəm ki, bütün həmkarlar buna diqqət yetirsinlər. Elə danışsınlar ki, həmkarın işinə qarışmasınlar. İstifadə etdiyi ifadə ilə həmkarın işinə toxunmasın. Bu elə işdir ki, səhvsiz mümkün deyil. Ola da bilər ki, hansısa futbolçunu fiziki cəhətdən düzgün hazırlamaram. Amma bunu qabartmaqla bütün probelemləri, bütün uğursuzluqları belə şeylərlə bağlamaq absurddur. İstər yerli, istərsə də millidəki əcnəbi məşqçilər açıqlamalarında diqqətli olmalıdırlar”.