Bir dindarın həyatında nələr dəyişdi? - Karantində Ramazan+Video

Bir dindarın həyatında nələr dəyişdi?
Oxunma sayı: 6945

15 ildən çoxdur ki, ibadətlə məşğul olan Ceyhun Həziyev bu il ilk dəfədir ki, iftarını zamanında və ailəsi ilə birgə açır. Təəssüf ki, ona bu ilki yaşadan səbəb hazırda bütün dünyanın bəlası olan pandemiyadır. 

“Qafqazinfo” olaraq karantində keçən Ramazan ayında Ceyhun bəy və ailəsinin qonağı olmaqda məqsədimiz koronavirusun inanclı bir ailənin həyatında nələri dəyişdiyini görmək istəyimizdir. 

O, uzun illərdir xidmət sektorunda işlədiyi üçün hər zaman Ramazan ayını restoranda, iş başında keçirib. Həmişə ailəsi ilə birgə iftar açmağı arzulasa da, bu istəyi elə məhz karantin müddətində gerçəkləşib:

“Düzü, bu il Ramazan ayında ailəmlə daha çox vaxt keçirə bildim. İaşə sektorunda çalışıram və işimlə əlaqədar çox az hallarda evdə olurdum və iftarları ailəm mənsiz açırdı. Restoranlar artıq iki aydan çoxdur ki, yerində xidmət təqdim etmədiyi üçün vaxtımın böyük əksəriyyəti evdə keçir. İşlədiyim zamanlarda iftar süfrələri qurulurdu və biz həmin zaman iş başında olurduq. İftarımızı, demək olar ki, gec açırdıq. Ancaq su içib daha çox xidmət edirdik. 

Amma bu il həm günlərimi daha çox ailəmlə keçirirəm, həm də iftarı birlikdə açırıq. Bu cəhətdən həqiqətən karantinin mənim üçün avantajlı tərəfi oldu. Əvvəllər iftar süfrələrinə qonaq gedirdik, ya özümüz dost-tanışı iftara dəvət edirdik. Bu il belə imkanımız yoxdur. Süfrələrimizi bir-birimizlə paylaşırdıq, onun da mənəvi tərəfi var”. 

- Deyəsən, digər bir ilki də bayram namazını evdə qılaraq yaşayacaqsız. Çünki, vəziyyət onu göstərir ki, bayrama kimi məscid və ziyarətgahların açılması mümkün deyil.

- Məscidlərin özünəməxsus bir mənəvi aurası var. Hər ibadətdə, hərəkətdə, hətta nəfəsində də o mənəvi fəzanı hiss edirsən. Qədr gecələrində, cümə namazlarında əsasən məsciddə toplaşıb birgə ibadət edirdik. İndi gedə bilmirik. Ancaq gündəlik olaraq canlı yayımlar edilir. İndi sanki həmin mənəvi fəza evlərə yayılıb, o nur evlərdədir. Respublikanın hər tərəfindən insanlar həmin məclislərə qatıla bilir, dua və əməllərdə iştirak edir. Yüz minlərlə insanlar birlikdə Ramazan məclislərinə qatılırıq. Hətta deyərdim ki, onlayn rejimdə Ramazan ibadətlərinin miqyası böyüyüb. 

- Bəs onlayn rejimdə ibadət etmək sizə eyni ab-havanı yaşadır?

- Həmişə baxırdım ki, xaricdə ailələr məscid və ya ziyarətgahların həyətində ailəvi oturub Qədr gecəsinin əməllərini yerinə yetirirdilər. Çox arzulayırdım, deyirdim ki, kaş bizdə də məscidlərdə belə bir şərait olsun, ailəmlə birlikdə Qədr gecəsi əməllərini yerinə yetirim. Sanki bu rejim bizə bir qədər fürsət verdi. Məşədi Dadaş məscidindən Hacı Şahin Həsənli onlayn moizələrini təqdim edir. Elə bu axşam da canlı yayımla moizəyə baxmağa hazırlaşırıq. 

- Özünüz də qeyd etdiniz ki, karantin müddətində gediş-gəliş, iftar dəvətləri qadağandır. Yəqin ki, bayramda da ailələrimizi görmək imkanımız olmayacaq.

- Hər il bayramı valideynlərimlə keçirmişəm. Bu il ilk dəfə olacaq ki, onlardan ayrı bayram qeyd edəcəyik. Ailəmiz, qohumlarımızla görüntülü danışırıq. Valideynlərimizlə həm iftardan əvvəl, həm iftardan sonra mütləq görüntülü söhbətimiz olur. Rayonda yaşadıqları üçün 2 aydan çoxdur ki, onları görə bilməmişəm. Həm də bayram namazları hər zaman məsciddə qılınıb. Ancaq bu dəfə hər kəs fərdi evində namazını qılacaq. 

- Çox insan oruc tutan zaman xüsusilə susuzluqdan gileylənir. Artıq iftar yaxınlaşdıqca halsız, əsəbi olanlar da az deyil. İllərdir ibadət edən biri kimi sahurda nələrdən istifadə etməyi məsləhət görərsiz?

- Şəxsi təcrübəmdən deyə bilərəm ki, sahur vaxtı yüngül qidalanmağa üstünlük vermək, ağartı məhsulları tükətmək məsləhətə uyğundur. Bu zaman susuzluq olmur. Həm də immuniteti saxlamaq üçün yumurtadan istifadə etmək məqsədəuyğundur. Eyni zamanda, xurma da insanların tox qalmasına kömək edən qidalardandır. 

Biz söhbətimizi etdiyimiz əsnada Ceyhun bəyin həyat yoldaşı Günay Həziyeva da mətbəxdə axşamkı iftara hazırlaşır. Hiss olunur ki, o da ötən illərdən fərqli olaraq bu il bütün ailənin iftar süfrəsində toplaşacağı üçün xoşbəxtdir:

“Əvvəllər belə şansımız olmurdu. Ona görə, indi daha həvəslə hazırlaşıram. Oğlumuz Hüseyn də bizə baxıb oruc tutmaq istəyir. Balaca olduğu üçün ona günaşırı icazə veririk. Yaxşı olar ki, iftar şorba ilə açılsın, daha sonra isə ət xörəyi yemək olar”.

Bu zaman söhbətimizə qoşulan Ceyhun bəy də həyat yoldaşının dediklərini təsdiqləyir. Xüsusilə bildirir ki, iftarda çox yedikdən sonra namaz qılmaq çətin olur:

“İftarı isə sulu yeməklə açmaq daha yaxşı olar. Sulu yeməkdən sonra namaz qılıb, ibadət edib, daha sonra əsas yeməyə keçmək sağlamlıq üçün də faydalıdır. Həm yeməklər arasında fasilə olur, həm də çox yedikdən sonra namaz qılmaq da çətinləşir. İnsanın həm mənəvi, həm də fiziki halında dəyişiklik olur”.

Axşam iftarını açan ailə daha sonra canlı yayımla moizəyə qulaq asmağa hazırlaşır. Budəfəki Ramazanda onların bir əsas duası var:

“Nəinki ölkəmiz, bütün dünya yaxın zamanda bu dərd-bəladan xilas olsun”.

Günel Hacı

Fotolar-Video: Pərvin Zeynal










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi