Bəs sən hər gün nə qədər su israf edirsən? - Video

Bəs sən hər gün nə qədər su israf edirsən?
Oxunma sayı: 1154

Hər səhər dişimizi fırçalayarkən nə qədər su israf etdiyimizi bilirikmi? Bəs yanından laqeydliklə ötüb keçdiyimiz xarab krandan hər gün nə qədər su boşuna axıb gedir? İlk baxışda sadə görünən, çox da əhəmiyyət vermədiyimiz bu hallarda lazımsız şəkildə axıb gedən su miqdarını hesablasaq, həyatımız üçün dəyərli olan nemətə əslində lazımi dəyəri vermədiyimizi anlamış olarıq.

“Qafqazinfo”nun məlumatına görə, son günlər müxtəlif kommunikasiya kanallarında “Bir damcı dəyər verək” şüarı və #AXIRNİYƏ heşteqi altında rastımıza çıxan kampaniya məhz sudan istifadə zamanı israfa yol verməmək vərdişini təbliğ etmək məqsədini daşıyır. Kampaniya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyinin birgə dəstəyi ilə həyata keçirilir.

Kampaniya çərçivəsində işlənib hazırlanmış müxtəlif yaradıcı həllər vasitəsilə insanlarda suyu qənaətlə istifadə etmək davranışlarının yaranmasında təkan verməyə çalışılır. Belə ki, gündəlik fəaliyyətimiz zamanı biz istifadəmiz üçün lazım olduğundan daha artıq miqdarda suyun boşuna axıb getməsinə səbəb oluruq. Çox adi situasiyalarda su kranının bir neçə saniyə belə açıq qalması kifayətdir ki, bir ailənin, yaxud bir sinif şagirdin gündəlik istifadə etdiyi qədər su boşuna axıb getsin. Bu cür hallarda bir qədər diqqətli olmağımız, “Axır niyə?” sualı ilə üz-üzə dayanmağımız adi hərəkətlə – su kranını bağlamağımızla nəticələnər. Bu isə əldə olunması heç də asan olmayan nemətə dəyər verməyimizə, suyu qənaətlə istifadə etmək vərdişimizin yaranmasına və nəticədə gələcək nəsillərin dayanıqlı su təminatına töhfə verməyimizə səbəb olar.

Haqqında danışdığımız kampaniya insanların diqqətini sözügedən məqamlara cəlb etmək məqsədini daşıyır. Daha geniş çevrənin diqqətini sudan səmərəli şəkildə istifadəyə yönəltmək üçün layihə televiziya kanallarından tutmuş sosial şəbəkələrə qədər müxtəlif platformaları əhatə edir. Kampaniya insanlara suya dəyər vermək mesajını ötürməklə kifayətlənmir, həm də sudan qənaətlə istifadə etmək yollarını göstərir. “Bir damcı” kampaniyasının kreativ və kommunikasiya strategiyası “Maverick” kommunikasiya agentliyi tərəfindən işlənib hazırmışdır. Reklam çarxlarının çəkilişini isə Bakı Media Mərkəzi həyata keçirmişdir.

Kampaniya barədə ətraflı məlumat ilə birdamci.az veb-saytından, layihənin FacebookInstagram səhifələrindən tanış ola bilərsiniz.