Bakıda XVII əsrə aid abidə zibilliyə çevrildi - Fotolar

Bakıda XVII əsrə aid abidə zibilliyə çevrildi
Oxunma sayı: 1187

Bakının Kürdəxanı kəndində 17-ci əsrdə tikilmiş “Hacı Zeynal” hamamı yerli sakinlər tərəfindən acınacaqlı vəziyyətə salınıb. Yerli sakinlər tarixi əhəmiyyətli memarlıq və mədəniyyət abidəsi kimi dövlət tərəfindən rəsmi mühafizə olunan hamamı zibilxanaya çeviriblər.

“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova yaranmış acınacaqlı vəziyyətlə bağlı feysbuk səhifəsində paylaşım edib:

“Yerli sakinlər tərəfindən 2 gün əvvəl məişət tullantıları ilə çirkəndirilən memarlıq abidəmiz. Məişət tullantılarını o hamama düşmənlər atmayıb. Ətrafda yaşayan sakinlər atıb. Bu gün Dövlət Xidmətinin abidə mühafizəçiləri ilə yerli icra hakimiyyəti orqanının əməkdaşları ərazini tullantılardan növbəti dəfə təmizləyiblər”.

N.Allahyarova qeyd edib ki, abidəni qorumaq borcumuzdur:

“Təkcə aidiyyəti qurumun borcu deyil, hər bir vətəndaşın borcudur. Sual oluna bilər ki, niyə nəzarət edilmir?! Nəzarət edilir. Abidə mühafizəçisi hər abidənin yanında 7/24 xidmət göstərmir”.

“Ölkədə yerli əhəmiyyət kəsb edən bütün abidələrin ətrafı hasara alına, yanına da öz daxili məzuliyyətsizliyimizdən müdafiə üçün əməkdaş cəlb edilə bilməz. Dünyanın heç bir ölkəsində bütün abidələrə mühafizə xidməti ayrılmır. İctimai qınaq lazımdır! Sadəcə ayıb olsun!”, – deyə N.Allahyarova bildirib.