Bakıda İrəvanla bağlı kitabın təqdimatı olub - Foto

Bakıda İrəvanla bağlı kitabın təqdimatı olub
Oxunma sayı: 1300

Bu gün “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub. 

Tədbirdə İrəvanda Azərbaycanın milli-mədəni irsi barədə film nümayiş etdirilib.

Araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov materialların hazırlanmasında Milli Arxivdə, Dövlət Tarix Arxivində, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının Nadir Əlyazmalar Kolleksiyasında, Türkiyə Respublikasındakı Osmanlı Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan sənədlərdən istifadə olunduğunu və üçüncü dövlətlərin arxivlərində saxlanılan Ermənistan Arxivindən götürülmüş mikrofilmlərin tədqiqata cəlb edildiyini bildirib. 

Araşdırma nəticəsində əldə edilmiş materiallardan ibarət kitab ərsəyə gəlib. Kitab Azərbaycanın milli-mədəni və tarixi irsinin qorunması və beynəlxalq səviyyədə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə mühüm töhfə verəcək.

Kitabda Təpəbaşı məhəlləsinin və orada dağılmaq üzrə olan son abidələrin Azərbaycan xalqına məxsusluğunu sübut edən arxiv sənədləri də dərc edilib. 

Millət vəkili Əziz Ələkbərli çıxışında İrəvan şəhərinin başqa yaşayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlıların həmişə üstünlük təşkil etdiyini, lakin zaman-zaman onların Ermənistandan deportasiya olunduğunu, onlara məxsus tikililərin, habelə İrəvan şəhərindəki müsəlman abidələrinin erməni vandalizminin qurbanına çevrildiyini bir daha vurğulayıb. 

Qeyd olunmalıdır ki, bütövlükdə İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırım prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Tədbir çərçivəsində Təpəbaşı məhəlləsindəki dağıdılmış və sökülməkdə olan abidələrin fotosərgisi təşkil edilib. Tədbirdə dövlət rəsmiləri, diplomatik korpusun, elm və təhsil müəssisələrinin, ictimai təşkilatların nümayəndələri, eləcə də Təpəbaşı məhəlləsində yaşamış ailələrin üzvləri iştirak ediblər.

Eldar Tanrıverdi

Fotolar: Müzəffər İsmayılov