Bakı hava limanında hansı yeniliklər var?

baki-hava-limaninda-hansi-yenilikler-var
Oxunma sayı: 3412

Bu gün Azərbaycanın əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportundan 33 ölkəyə 70-dən çox istiqamət üzrə uçuşlar həyata keçirilir və gündəlik 15 minədək sərnişinə xidmət göstərilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı hava limanının direktoru Teymur Həsənov bildirib.

“2023-cü ilin sonuna kimi Bakı hava limanının xidmət göstərdiyi sərnişinlərin ümumi sayının 5,5 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Hazırda hava limanı 9 milyon sərnişinə xidmət göstərmək qabiliyyətinə malikdir və hava nəqliyyatına artan tələbatı ödəmək üçün aeroportun infrastruktur imkanlarının təkmilləşdirilməsi və yenilənməsi istiqamətində fəal şəkildə işlər aparırıq”, - o deyib. 

Heydər Əliyev Beynəlxalq Aeroportunda həyata keçirilən bütün layihələr sərnişin və ziyarətçilərin rahatlığının və səmərəliliyinin təmin olunmasına hesablanıb. Onların sırasında parklanma xidmətləri üçün proqram və texniki təminatın modernləşdirilməsidir.

Bakı hava limanı ziyarətçilərinə yenilənmiş innovativ xidmət - sürətli giriş-çıxış və fərqli üsullarla parkinq haqqını bir neçə saniyədə ödəmək imkanı təqdim edib. Parklanma haqqını ödəniş terminallarında istər nağd, istərsə də nağdsız üsüllarla, və ya onlayn şəkildə “AzParkinq”, “TezÖdə” platformaları vasitəsilə ödəmək mümkündür. Bu isə prosesi daha çevik edərək xidmətin səmərəliliyini və rahatlığını təmin edir.

Yeri gəlmişkən, yeni sistem sayəsində plastik kartlardan imtina olunub və nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının avtomatik tanınması texnologiyası tətbiq edilib. Bu da avtomobillərin rahat giriş-çıxışını təmin edərək vaxt itkisinin qarşısını alır və sürücüləri onların itirilməsinə görə qarşılaşa biləcəyi əlavə xərclərdən azad edir.  Bununla yanaşı, sərnişin və ziyarətçilərin əlçatanlığını təmin etmək məqsədilə bir sıra digər həllər də təqdim olunub və bu istiqamətdə işlər davam etdirilir.

- Gediş/gəliş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi "drop off"/ “pick up” zolaqları;

- İlk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir;

- Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə 30 dəqiqə hərəkət intervalı ilə gecə saat 01:00-dək xidmət göstərən ictimai nəqliyyat - “Aeroport Express” fəaliyyət göstərir.

“Hava limanında parkinq yerlərinin ümumi sayı 2 min, gün ərzində əraziyə giriş-çıxış edən nəqliyyat vasitələrinin sayı isə orta hesabla 12-14 mindir. Əksər parkinq istifadəçiləri qısa müddətə - 2 saata qədər avtomobillərini park edənlərdir. Bununla belə, istifadəçilərin ərazidən daha səmərəli istifadə etməsi məqsədilə parklanma zonasının genişləndirilməsi və əlavə yerlərin tikintisi nəzərdə tutulub. Hazırda parkinq yerlərinin məhdudluğunu nəzərə alaraq, prioritet olan qısamüddətli istifadəçilər üçün daha çox dayanacaq yeri təmin etməyə çalışırıq”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru vurğulayıb.

O əlavə edib ki, uzunmüddətli park edilmiş nəqliyyat vasitələri üçün tariflərə edilən dəyişikliklər məhz bu amillərdən qaynaqlanır. Qeyd edək ki, qısamüddətli istifadəçilər üçün parklanma tarifləri dəyişməz olaraq qalır.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlının fikrincə, dünya təcrübəsinə əsasən hava limanında daha məhdud yer və yüksək tələbat olduğundan parklanma tarifləri həmişə şəhərdəkindən yüksək olur. “Bununla belə, Heydər Əliyev Beynəlxalq Aeroportunda parklanma tarifləri digər ölkələrin beynəlxalq aeroportları, həmçinin paytaxtın digər ərazilərində yerləşən parklanma zonaları ilə müqayisədə yenə də aşağıdır və ya eynidir”, - deyə Elməddin Muradlı vurğulayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda görülən işlər tək bununla bitmir. Bakı hava limanı innovativ layihə olan “Passenger Verification Gate” - minikdən əvvəl təhlükəsizlik baxışı prosesinin avtomatlaşdırılması sisteminin tətbiqi istiqamətində çalışır. Sistemin unikallığı ondan ibarətdir ki, sərnişinlər özləri uçuş qabağı yoxlama zonasına sadəcə minik talonlarını toxundurmaqla daxil ola biləcəklər. Bu sistem vasitəsilə qeyd edilən prosedur sürətlənəcək və təhlükəsizlik nəzarəti daha da effektiv olacaq.

Bundan əlavə, hazırda hava limanının müxtəlif zonalarında sərnişin axınının monitorinqi və hava limanı əməliyyatlarının optimallaşdırılması sistemi - “Passenger Flow Management System” tədqiqat mərhələsindədir. Bu, resursların optimal şəkildə bölüşdürülməsinə və daha yüksək xidmət keyfiyyətinin təmin edilməsinə imkan verən müasir yanaşmadır.

Hava limanının direktorunun sözlərinə görə, tədricən Heydər Əliyev Beynəlxalq Aeroportunun terminallarının daxili infrastrukturunun yenilənməsi də planlaşdırır. “Gözləmə zallarının, restoran və mağazaların modernləşdirilməsi sərnişinlər üçün xoş və rahat mühit yaradacaq. Qabaqcıl texnologiya və yüksək keyfiyyətli xidmətin tətbiqi reyslərini gözləyən sərnişinlərin istirahət və əyləncələri üçün daha çox imkanlar təqdim edəcək”.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda həyata keçirilən bütün layihələr yüksək səviyyəli xidmət və rahatlığın təmin edilməsinə yönəlib və sərnişinlərin ehtiyaclarının və rəylərinin təhlilinə əsaslanır.